Gəncə Dövlət Universitetində “AMEA-nın 80 illik yubileyi”nə həsr olunmuş dəyirmi masada əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı Azərbaycan elminə, aliminə, ziyalılara, yeni elmi nəslə dövlət səviyyəsində verilən yüksək qiymətin və ehtiramın ifadəsidir. Prorektor onu da bildirib ki, AMEA 80 ildə böyük yol keçərək azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına töhfə verib, görkəmli alimlər nəslini yetişdiribdir. Gülsüm Fətəliyeva AMEA-nın taleyində Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan da bəhs edərək vurğulayıb ki, dahi lider bu elmi qurumun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dəyirmi masada Millət vəkili, Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə “Respublikanın elmi-intellektual potensialını milli sərvətə keçirən mərkəz”, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, Botanika kafedrasının müdiri Vaqif Novruzov “AMEA-nın inkişaf mərhələləri”, Kimya və biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev “AMEA-nın elmimizə töhfələri”, Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova “AMEA-nın ilk akademikləri”, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova “Azərbaycan Milli Elmlər Akademiyası: Tarix və müasirlik” adlı məruzələrlə çıxış edərək AMEA Azərbaycan elm tarixində misilsiz xidmətlər göstərərək böyük izlər qoyduğundan danışıblar, ölkəmizin alimlərinin Azərbaycanın bugünkü inkişaf səviyyəsinə gəlib çatmasında, onun sosial-iqtisadi, mədəni və mənəvi inkişafında əvəzsiz rol oynadığından bəhz ediblər. Akademiyanın bu gün də üzərinə düşən tarixi missiyanı layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.