“Hazırda ABŞ ilə "Tramp yolu" layihəsinin həyata keçirilməsi üçün intensiv işlər aparılır”.
Modern.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan 27 oktyabrda parlamentdə Ermənistan Respublikasının 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.
"Əlbəttə ki, layihə bizim və region üçün yenidir; onun bir çox nüansları var və əminəm ki, biz bu məsələləri mümkün qədər tez müzakirə edəcək, həll yolları tapacaq və proqramı həyata keçirəcəyik", - deyə o bildirib.
Paşinyan proqramdan bir neçə hissəni sitat gətirərək qeyd edib:
"İstinad etdiyimiz üçüncü maddədə xüsusilə deyilir: "Biz regionda və onun ətrafında sülhü, sabitliyi və rifahı təşviq etmək üçün iki ölkə, yəni Ermənistan və Azərbaycan arasında daxili, ikitərəfli və dövlətlərarası nəqliyyat üçün əlaqələrin açılmasının vacibliyini bir daha təsdiqlədik". Bu səylərə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi daxil olacaq ki, bu da Ermənistan Respublikası üçün beynəlxalq və daxili əlaqələr baxımından qarşılıqlı fayda təmin edəcək".
Dördüncü bənddə isə deyilir: "Ermənistan Respublikası öz ərazisində TRIPP kommunikasiya proqramının, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu"nun həyata keçirilməsi üçün çərçivə müəyyən etmək məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlıq edəcək. Bu məqsədə mümkün qədər tez çatmaq üçün bütün tədbirləri vicdanla görməyə sadiq olduğumuzu bir daha təsdiqləyirik"”.