Ölkəmizin bir sıra ərazilərində heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Artıq bununla əlaqədar müvafiq qurumlar tərəfindən addımlar atılmağa başlayıb. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə fəaliyyət göstərən heyvan bazarlarının müvəqqəti bağlandığını elan edib. Məsələ ilə əlaqədar Milli Məclisin iclasında da çıxışlar olub.
Ciddi xəbərdarlıqlarla yanaşı, təşvişə ehtiyac olmadığı da bildirilir.
Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev hazırda görülən tədbirlər barədə danışıb:
“Rəsmi məlumatlara əsasən, müxtəlif ölkələrdə heyvanlar arasında yoluxucu xətəliklərin artımı müşahidə olunur. Bu, müəyyən hallarda mövsümi amillərlə əlaqələndirilir. Yoluxucu xəstəliklər Azərbaycandan da yan keçməyib. Yoluxucu xəstəliklərin qarşısının alınması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər müvafiq orqanlar tərəfindən tədbirlər həyata keçirilir. 25 oktyabr tarixindən sağlamlaşdırma tədbirlərinin görülməsi məqsədilə bir çox heyvan bazarlarına məhdudiyyətlər tətbiq olunub. Sözsüz, bu, qabaqlayıcı tədbirdir. Bu tədbirə nəinki AQTA, Baş Dövlət Baytarlıq Xidməti, eləcə də yerli icra hakimiyyəti, polis orqanları qoşulublar. Artıq məhdudlaşdırıcı tədbirlərin icrasına başlanılıb. İlk növbədə heyvanların bazarlara çıxarılmasına nəzarət artırılıb. Bazarların ərazisinin hasarlanması tədbirləri görülür. Giriş-çıxışda dezobaryerlər quraşdırılır. Mütəmadi olaraq, təmizləmə dezinfeksiya işləri aparılır. Bazara daxil olan heyvanların baytarlıq sənədləri yoxlanılır. Baytar həkimi nəzarəti altında müəyyən tədbirlər həyata keçirilir.
Məlumdur ki, xarici ölkələrdən də ət və heyvanlar idxal edirik. Sözsüz, bu heyvanlar ölkəyə daxil olarkən karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilməsi və laboratoriya analizlərinin götürülməsi prosesi davam edir. Ölkə üzrə heyvan kəsimi məntəqələri öz fəaliyyətini davam etdirir. Kəsim üçün idxal olunan heyvanlar 72 saat ərzində kəsilib istehlakçılara çatdırılmalıdır. Sözsüz, bu tədbirlərin görülməsi heyvanlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması, həm də insanların sağlamlığına xidmət edir”.

Komitə sədri vurğulayıb ki, bu tədbirləri ancaq müvafiq orqanların fəaliyyəti ilə məhdudlaşdırmaq olmaz:
“Hər kəs öz səhhətini qoruyur. Sağlamlığını təmin etmək üçün mütləq mövcud qaydalara əməl etməlidir. Xəstə heyvanlar müşahidə olunursa, müvafiq orqanlara xəbər verilməli, onların ətindən, südündən istifadə edilməsi üçün mövcud təlimatlar əsas götürülməlidir. Əks təqdirdə, bu xəstəliklər daha geniş yayıla bilər. Bu da həm heyvandarlığa, həm də insanların sağlamlığına müəyyən ziyan vura bilər. Ancaq təşviş doğuran heç bir əsas yoxdur. Yoluxucu xəstəliklər yalnız Azərbaycanda deyil, digər dövlətlərdə də mövcuddur. Qabaqlayıcı tədbirlər görülür və hər kəs buna qoşulmalı, qaydaların gözlənilməsinə riayət etməlidir”.