Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiya İT mütəxəssislərinin Bakıda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs olunması məsələsini qaldırıb.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hazırda çox əziyyətli işlər görülür və prezident Putin bütün bu həssas məsələləri qaldırıb, onlar işçi səviyyəsində də qaldırılır. Biz dialoqumuzu davam etdiririk", - deyə Peskov Putinin Əliyevlə son danışıqları zamanı narkotik qaçaqmalçılığı ittihamı ilə Bakıda saxlanılan rusların azad edilməsi məsələsini müzakirə edib-etməməsi ilə bağlı suala cavab olaraq bildirib.
İyul ayında Bakının Səbail Rayon Məhkəməsi Rusiya vətəndaşlarına İrandan narkotik qaçaqmalçılığı və kiberfırıldaqçılıq ittihamları ilə dörd aylıq həbs cəzası verib. Bir gün əvvəl isə Bakı məhkəməsi həbs müddətini daha üç ay uzadıb.
Peskov deyib ki, Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında Düşənbədə keçirilən ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndirir.
Putin və Əliyev 9 oktyabrda Düşənbədə görüşdülər.
"Əvvəla, iki prezident arasında Düşənbədə baş tutan ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndiririk. Bu, ikitərəfli münasibətlərimizdə yeni bir səhifə açmaq baxımından çox vacib bir görüş idi", - deyə Peskov jurnalistlərə bildirib.