Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşan “Türk törəsi – Füzulidə beynəlxalq yay məktəbi” layihəsinin təlimləri məktəblilərin böyük marağına səbəb olub.
Modern.az xəbər verir ki, Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Türk dünyası ölkələrinin təhsil və mədəniyyət əməkdaşlığını təşviq edən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə “Türk Dünyası Mədəniyyəti” İctimai Birliyi tərəfindən reallaşan “Türk törəsi – Füzulidə beynəlxalq yay məktəbi” layihəsi çərçivəsində keçirilən növbəti təlimlərdə məktəblilər böyük həvəslə iştirak ediblər.
Günün proqramı çərçivəsində müxtəlif yaş qruplarına aid məktəblilər üçün fərqli istiqamətlərdə inkişafyönümlü təlimlər təşkil olunub.
Türkiyə Respublikasının Milli Eğitim Bakanlığının əməkdaşı, Adana Çukurova Bilim və Sanat Mərkəzinin təlimçisi Çiğdem Şahin yuxarı sinif şagirdləri üçün “Vaxtın idarə olunması” mövzusunda praktik təlim təşkil edib. O, şagirdlərlə vaxt resurslarının səmərəli bölüşdürülməsi, məqsədyönlü fəaliyyət planı və şəxsi motivasiya strategiyaları barədə interaktiv müzakirə aparıb. Təlim iştirakçıları öz gündəlik dərslərini və asudə vaxt fəaliyyətlərini planlaşdırmaq, prioritetləri müəyyənləşdirmək və məsuliyyətli qərar vermə bacarıqlarını təcrübədə sınayıblar.
Celta və Oxford TEFL sertifikatlı mentor və təlimçi Novruz İsmayılpur aşağı sinif şagirdləri ilə “Natiqlik, özünütanıma və təqdimat bacarıqları” mövzusunda İngilis dilində interaktiv sessiya keçirib. Təlim zamanı uşaqlar həm Azərbaycan, həm də İngilis dillərində öz fikirlərini sərbəst ifadə etmə, təqdimat zamanı özünəinam nümayiş etdirmə və komandada işləmə bacarıqlarını inkişaf etdiriblər. Sessiya çərçivəsində “Kahoot!” platformasında təşkil olunan əyləncəli onlayn yarış məktəblilərin böyük marağına səbəb olub. Uşaqlar həm İngilis dilinə aid yeni biliklər qazanıblar, həm də dostları ilə ümumi dünyagörüşü suallarını cavablandırmağa çalışıblar.
Layihə iştirakçısı məktəblilər təlimlərdə böyük maraq və həvəslə iştirak edib, öyrəndiklərini gündəlik həyatda tətbiq etmək istədiklərini bildiriblər. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə “Türk Dünyası Mədəniyyəti” İctimai Birliyi tərəfindən reallaşan “Türk törəsi – Füzulidə Beynəlxalq Yay Məktəbi” layihəsi Türk dünyası ölkələri arasında təhsil və mədəni əməkdaşlığı gücləndirmək, işğaldan azad olunmuş ərazilərdə məktəblilərin sosial-emosional, yaradıcı və rəqəmsal bacarıqlarını dəstəkləmək, eyni zamanda ortaq dəyərləri və milli kimliyi təbliğ etmək məqsədi daşıyır.