Modern.az

BMU-nun rektoru ikili diplom proqramından danışdı - FOTOLAR

BMU-nun rektoru ikili diplom proqramından danışdı - FOTOLAR

Aktual

31 Oktyabr 2025, 12:20

Bakı Mühəndislik Universiteti (BMU) ilə Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində Çin Xalq Respublikasından olan 32 doktorant, eləcə də professor-müəllim heyətinin ölkəmizə səfəri yekunlaşıb.  

Modern.az xəbər verir ki, üç gün davam edən səfər zamanı “Mühəndislik tətbiqlərinin Dayanıqlı İnkişaf Məqsədlərinə təsiri” mövzusunda beynəlxalq elmi-praktik seminar təşkil olunub. Həmçinin qonaqlar bir sıra ali təhsil ocaqlarına və qurumlara ziyarətlər həyata keçiriblər. 

Seminarın bağlanış mərasimində çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında formalaşmış səmimi dostluq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm və təhsil istiqamətində əməkdaşlığın genişlənməsi üçün möhkəm əsas yaratdığını deyib. Eyni zamanda bu dostluğun nəticəsi olaraq qarşılıqlı akademik əlaqələrin, birgə tədqiqatların və tələbə mübadilələrinin daha da artacağına inamını ifadə edib. Yaqub Piriyev BMU ilə PKTU-nun  bu ildən reallaşdırdığı ikili diplom proqramını iki ölkə arasında elm və təhsil sahəsində dostluğun və etimadın bariz nümunəsi adlandırıb. Qeyd edib ki, təşkil olunan elmi seminar isə yalnız bilik və təcrübə mübadiləsi demək deyil, həm də yeni birgə tədqiqatların və layihələrin təməlinin qoyulmasıdır. Rektor gənc alimlər üçün formalaşan imkanların onların beynəlxalq elmi mühitdə daha fəal iştirakına şərait yaradacağını söyləyib. Həmçinin çinli doktorantlara təşəkkür edərək, onları yenidən BMU-da görməkdən məmnun olacağını bildirib.  

Professor Yu Yuen seminarı mühəndislik elmlərinin dayanıqlı inkişaf hədəfləri ilə uzlaşdırılması baxımından çox qiymətli bir təcrübə mübadiləsi kimi dəyərləndirib. O, səfərin doktorantlar üçün elmi biliklərlə yanaşı, Azərbaycan mədəniyyəti və qonaqpərvərliyi ilə tanışlıq baxımından da əhəmiyyətli olduğunu qeyd edib. PKTU rəsmisi BMU ilə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini vurğulayaraq, bu istiqamətdə konkret layihələrə diqqət çəkib.

BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül də çıxışında vurğulayıb ki, çinli doktorantların ölkəmizə səfəri universitetlərarası əməkdaşlığın praktiki nəticəsi və qarşılıqlı etimadın göstəricisidir. Əlavə edib ki, BMU-nun beynəlxalq tərəfdaşlarla həyata keçirdiyi layihələr gənc tədqiqatçılar üçün yeni imkanlar açır, onların elmi fəaliyyətinin qlobal miqyasda inkişafına töhfə verir. Prorektor, eyni zamanda səfərin uğurlu təşkilində əməkdaşlıq edən tərəflərə təşəkkürünü bildirib.

Sonra seminarın iştirakçısı olan doktorantlar çıxış ediblər. Çıxışlarda tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını dilə gətirən doktorantlar əldə olunan təcrübənin elmi fəaliyyətlərinə mühüm təsir göstərəcəyini vurğulayıblar. Onlar Azərbaycan xalqının qonaqpərvərliyinə, mədəni zənginliyinə və BMU-nun səmimi akademik mühitinə görə təşəkkür edərək, belə elmi əməkdaşlıqların gələcəkdə də davam etdirilməsini arzulayıblar.

Çıxışların ardından seminar iştirakçılarına sertifikatlar təqdim olunub. 

Sonda BMU-nun tələbələrdən ibarət özfəaliyyət kollektivinin nümayiş etdirdiyi milli rəqs nömrələri qonaqlar tərəfindən maraqla qarşılanıb.

BMU-nun rektoru ikili diplom proqramından danışdı - FOTOLAR

BMU-nun rektoru ikili diplom proqramından danışdı - FOTOLAR

BMU-nun rektoru ikili diplom proqramından danışdı - FOTOLAR

BMU-nun rektoru ikili diplom proqramından danışdı - FOTOLAR

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?