Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Tianshui Normal Universiteti (TNU) arasında akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Modern.az xəbər verir ki, TNU rektoru Vang Juyingın rəhbərlik etdiyi nümayəndə heyətinin BMU-ya səfəri çərçivəsində imzalanan sənəd birgə elmi fəaliyyət, tələbə-müəllim mübadiləsi, ikili diplom proqramlarının təşkili, akademik proqramların birgə hazırlanması kimi isiqamətləri əhatə edir.
BMU rektoru Yaqub Piriyev bildirib ki, memorandumun imzalanması iki dost ölkə arasında təhsil sahəsində yeni səhifənin açılması deməkdir. Azərbaycan ilə Çin arasında münasibətlərin iki ölkə lideri- Prezident İlham Əliyev və sədr Si Cinpinin qarşılıqlı etimada əsaslanan dostluq prinsipləri üzərində formalaşdığını deyən rektor “Bir kəmər, bir yol” təşəbbüsü və onun əsas tərkib hissələrindən biri olan Orta Dəhliz layihəsinin ölkələrimiz arasında iqtisadi, nəqliyyat, humanitar əməkdaşlığın genişlənməsi üçün mühüm platforma olduğunu vurğulayıb. Əlavə edib ki, bu konteksdə Zəngəzur dəhlizinin reallaşması regionun logistik və strateji əhəmiyyətini artıraraq Asiya ilə Avropanı birləşdirən mühüm qovşağa çevriləcək. Rektor bildirib ki, elm və təhsil sahəsində bu kimi əməkdaşlıqlar “Bir kəmər, bir yol” ideyasının humanitar və elmi ölçüsünü gücləndirir, xalqlarımız arasında qarşılıqlı anlaşmanı, dostluğu və tərəfdaşlığı daha da dərinləşdirir. BMU-nun beynəlxalq əməkdaşlıq strategiyasında Çinin nüfuzlu universitetləri ilə tərəfdaşlığın prioritet istiqamətlərdən biri kimi müəyyənləşdiyini söyləyən Yaqub Piriyev elm, texnologiya və innovasiya sahələrində birgə təşəbbüslərin qarşılıqlı faydasına diqqət çəkib. Memorandum çərçivəsində həyata keçiriləcək birgə tədqiqatlar, müəllim və tələbə mübadiləsi, eləcə də innovativ proqramlardan danışan rektor gələcək əməkdaşlığın uğurlu və davamlı olacağına inamını ifadə edib.
Öz növbəsində TNU rektoru Vang Juying birgə fəaliyyətin uğurlu və uzunmüddətli olacağına inamını dilə gətirib. Təhsil sahəsində əlaqələrin mühüm əhəmiyyət daşıdığını bildirən rektor bu baxımdan imzalanan əməkdaşlıq memorandumunun önəmini qeyd edib. Bildirib ki, bu memorandum tərəflər üçün faydalı olacaq, qarşılıqlı öyrənmə və təcrübə mübadiləsində mühüm addımlar atılacaq. Habelə sənəd yalnız iki universitet arasında deyil, həm də Çin və Azərbaycan xalqları arasında dostluq, əməkdaşlıq körpüsünün möhkəmlənməsinə xidmət edəcək.
Sonra memorandumdan irəli gələn məsələlərlə bağlı daha geniş formatda müzakirələr aparılıb. Müzakirələr zamanı ali təhsil müəssisələri ilə bağlı təqdimatlar olub. BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitetin xarici əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Tərəflər seminar və konfransların təşkili, mübadilə və ikili diplom proqramlarının icrası, həmçinin tələbə, o cümlədən akademik heyətin Çində və Azərbaycanda təcrübədə olması məsələlərini ətraflı nəzərdən keçiriblər.
Ardınca qonaqlar BMU-nun kampusu və laboratoriyaları ilə tanış olublar. Nümayəndə heyətinə universitetin elmi-tədqiqat imkanları, texnoloji infrastrukturu və tələbələr üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib. Çin nümayəndə heyəti universitetdəki müasir tədris mühiti və innovativ yanaşmaları yüksək dəyərləndirib.

.jpg)
