Modern.az

44 nəfər Ana Vətən Partiyasından çıxmaq üçün ərizə YAZDI

44 nəfər Ana Vətən Partiyasından çıxmaq üçün ərizə YAZDI

Aktual

17 Noyabr 2025, 16:39

“Təssüf hissi ilə bildirmək istəyirəm ki, partiyamızın son qurultayından sonra sıravi üzvlərimiz arasında qeyri-müəyyənlik və narazılıq dalğası meydana gəlmişdir. Bunun nəticəsi olaraq Salyan və Neftçala rayon təşkilatından olan 44 nəfər üzvlükdən azad olunmağa dair müraciət etmişdir”.

Modern.az-ın məlumatına görə, bunu Ana Vətən Partiyasının (AVP) yeni sədri seçildiyini iddia edən Elçin Ağamalı bildirib.

O deyib ki, ərizələrin Ədliyyə Nazirliyinə göndərilərək dövlət reyestrində müvafiq qeydlərin aparılması xahiş olunub.

“Ərizələr eyni zamanda partiyanın təşkilat şöbəsinə təqdim olunacaqdır”.

E.Ağamalı AVP-nin rayon (şəhər) təşkilatlarının rəhbərləri və üzvlərinə müraciət edərək, hüquqi mübarizənin davam etdiyini bildirib:

“Yeni yaranmış şərtlərə uyğun olaraq və rayonlarda partiya üzvü olmayan şəxslərin iştirakı ilə yaradılan saxta rayon (şəhər) təşkilatları ilə bağlı Ədliyyə Nazirliyinə və məhkəməyə yaxın günlərdə müvafiq müraciət olunacaqdır. Sizdən təmkin göstərməyi və hüquqi mübarizəmizin yekununu gözləməyi xahiş edirəm. Bütün hallarda yekun qərarı birlikdə verəcəyik”, E.Ağamalı vurğulayıb.

Xatırladaq ki, oktyabrın 25-dəki qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının deputat qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.

Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.

Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq, 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçilib.

O bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

Ana Vətən Partyiyasında hələ də özünün sədr olduğunu deyən sabiq deputat Fəzail Ağamalı isə bir neçə gün öncə İdarə Heyətinin qərarı ilə oğlu Elçin Ağamalının qurumdan xaric edildiyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!