Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsini yekunlaşdırmaq üzrədir.
Modern.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, "Böyük İpək yolu"nun tərkib hissəsi olan Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir və artıq yekunlaşma mərhələsindədir.
Layihəyə əsasən yol yatağının ümumi eni 27,5 metr təşkil edir. Magistral yol hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir.
Magistralın Gəncə–Qazax–Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 Lot üzrə həyata keçirilir. 1-ci və 2-ci Lotlar, eləcə də 3-cü Lotun bir qismi üzrə işlər tam başa çatdırılıb və 2023-cü il avqustun 7-də Prezident İlham Əliyev ümumi uzunluğu 102 kilometr olan Gəncə–Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
"Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 altkeçid, 19 qovşaq və 17 körpü (ümumilikdə 36 ədəd) tikilərək istifadəyə verilib.
Hazırda tikinti işləri magistralın sonuncu 28 kilometrlik Qazaxbəyli–Gürcüstan sərhədi hissəsində – layihənin 102.2–130.150-ci kilometrliyində – son mərhələdə olmaqla davam etdirilir.
Bu hissə boyunca (km 102–130.150) 4 yol qovşağı və ötürücüsü, 2 çay körpüsü, 15 yeraltı keçid, 13 düzbucaqlı su keçidi, 68 dairəvi suötürücü boru inşa edilib. Layihəyə uyğun olaraq zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılıb.
Hazırda ərazidə işıqlandırma sistemi qurulur, zəruri sahələrdə drenaj beton kanalları çəkilir və təhlükəsizlik bordürlərinin düzülməsi işləri aparılır.
Tikinti prosesi magistral avtomobil yolunda vətəndaşların hərəkətini dayandırmadan icra olunur.
Uzunluğu 130,15 kilometr olan Gəncə–Qazax–Gürcüstan sərhədi yolunun 4 zolağa genişləndirilməsi və sürət limitinin yüksəldilməsi nəticəsində vətəndaşların daha rahat və təhlükəsiz hərəkəti təmin olunacaq. Bundan əlavə, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi həm əhalinin, həm də sürücülərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bakı–Qazax–Gürcüstan sərhədi magistral yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən əsas hissələrindən biri olmaqla, Avropa–Asiya və Yaxın Şərq ölkələri arasında, eləcə də respublika daxilində nəqliyyat əlaqələrinin inkişafında xüsusi rol oynayır.
Layihə tam başa çatdıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə "Böyük İpək yolu"nun Azərbaycandan keçən bu hissəsi Avropa ilə Asiya arasında beynəlxalq və daxili yükdaşımaların artırılmasına mühüm töhfə verəcək.
