Ağdam rayonunun işğaldan azad olunmasından 5 il ötür. 2020-ci ildə Azərbaycanın qazandığı böyük Zəfər Ağdamın da bir güllə belə atılmadan, şəhid verilmədən azad olunmasını təmin etdi. Bununla da insan tələfatının qarşısı əsaslı şəkildə alındı.
Ağdam 1993-cü ilin iyulunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 1993-cü il 29 iyul tarixində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 853 saylı qətnamədə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilirdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından da “bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı və digər qətnamələr kimi bu sənəddəki çağırışlar da 30 ilə yaxın kağız üzərində qaldı.
İşğalçı Ermənistan bu illər ərzində Ağdamda çoxsaylı müharibə cinayətləri törədib. Belə ki, rayonda coğrafi adlar dəyişdirilib, mülkiyyət talan edilib, ərazilər yandırılıb. Doğma ölkəsində məcburi köçkünə çevrilən Ağdam sakinləri gec-tez öz doğma yurdlarına qayıdacaqlarına əmin idilər. Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev hər zaman Ağdam sakinləri ilə görüşdə tarixi torpaqlarımızın gec-tez azad olunacağını bəyan edirdi.
İşğal dövründə mənfur düşmən bütün bölgəni viran qoymuşdu. Ağdam rayonunda bir dənə də salamat bina qalmamışdı. Prezident İlham Əliyev 2020-ci il noyabrın 23-də Ağdam şəhərində Dövlət Bayrağını ucaltdı və bəyan etdi ki, artıq Ağdam üçün yeni dövr başlayır.
2021-ci il 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş plana əsasında, Ağdam sürətlə bərpa olunur. Təsadüfi deyil ki, işğaldan azad edilmiş rayonlar arasında ilk dəfə məhz Ağdamın Baş planı təsdiqlənib. “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan”a əsasən, Ağdam azad edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfərin yaşayacağı planlaşdırılır. Cənab Prezident bəyan etmişdi: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq.”
Son 5 ildə həqiqətən də Ağdamda yeni inkişaf mərhələsi başlayıb. Əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verən yaşayış məhəllələri salınır. Prezident İlham Əliyev Ağdama səfərləri zamanı burada yeni kəndlərin təməlini qoyub. İşğal dövründə “Qafqazın Xirosiması” adlandırılan Ağdam bu gün Qarabağın iri, abad və müasir sənaye mərkəzinə çevrilməkdədir. 2025-ci ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı çərçivəsində 825 ailə — 3318 nəfər öz doğma torpaqlarına köçürülüb.
Ağdam rayonunda iqtisadiyyatın və yerli istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam Sənaye Parkıdır. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Yeri gəlmişkən, 32 ildən sonra — bu ilin avqustunda Qarabağa hərəkət edən sərnişin qatarı Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinə çatdı. Yeni dəmiryol xətləri isə bölgənin logistika potensialını əhəmiyyətli dərəcədə artırmaqdadır.
Ağdamda həmçinin bu gün Muğam Mərkəzi, Zəfər Muzeyi, İşğal Muzeyi, İmarət Kompleksi və Şahbulaq qalasının simasinda tarixi və mədəni dəyərlər də bərpa olunmaqdadır.
Nigar Məmmədova
Milli Məclisin deputatı