Modern.az

Ölkəmiz “WTDC-25” uğurla təmsil olundu

Ölkəmiz “WTDC-25” uğurla təmsil olundu

Aktual

19 Noyabr 2025, 15:52

Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində “LDCs, LLDCs və SIDS üçün Yüksək Səviyyəli Dialoq” keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə heyətinin sədri Nail Mərdanov çıxış edərək Azərbaycanın rəqəmsal transformasiya sahəsində əldə etdiyi nailiyyətləri və prioritet istiqamətləri diqqətə çatdırıb.

Rəqəmsallaşmanın milli inkişaf strategiyasının əsas sütunlarından birinə çevrildiyi vurğulanıb. Qeyd olunub ki, ölkədə sürətli genişzolaqlı internetə, sabit və mobil şəbəkələrin tam əhatəsinə, eləcə də müasir rəqəmsal platformalara genişmiqyaslı investisiyalar yatırılıb. Bu tədbirlər nəticəsində əlaqəlilik hər kəs üçün əlçatan olub, hətta özəl investisiya üçün əlverişli olmayan ucqar bölgələrdə belə ev təsərrüfatları, məktəblər və kiçik bizneslər rəqəmsal iqtisadiyyata qoşulmaq imkanı qazanıb.

Transxəzər fiber-optik layihəsinin Azərbaycanın Avropa ilə Asiya arasında rəqəmsal körpü rolunu möhkəmləndirdiyi, region ölkələri üçün də yeni imkanlar yaratdığı bildirilib.

Kibertəhlükəsizlik sahəsində artan qlobal riskləri vurğulayan Nail Mərdanov deyib ki, təhlükəsizliyi təmin etmədən əlaqəlilik yeni zəifliklər yarada bilər. Bu məqsədlə həm dayanıqlı infrastruktur, həm də güclü insan kapitalı formalaşdırılır, o cümlədən yeni nəsil mütəxəssislərin hazırlanması üçün Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi yaradılıb.

İclasda rəqəmsal transformasiyanın mərkəzində insan amilinin dayanmasının vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkədə həyata keçirilən rəqəmsal bacarıq proqramları, təqaüdlər və təlimlər minlərlə gəncin gələcəyin peşələrinə hazırlaşmasına imkan yaradır. Rəqəmsal hökumət platformaları və məsafədən identifikasiya xidmətləri dövlət xidmətlərinə çıxışı sadələşdirir, qadın və gənc sahibkarlar üçün yeni imkanlar açır.

Qeyd olunub ki, Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı və üzv dövlətlərlə daha təhlükəsiz və davamlı rəqəmsal gələcək qurmaq məqsədilə təcrübə və təşəbbüslərini bölüşməyə davam edəcək. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu