Modern.az

Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi

Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi

Aktual

19 Noyabr 2025, 15:56

1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqil Azərbaycan dövlətçiliyinin gələcək inkişaf trayektoriyasını müəyyən edən tarixi hadisə kimi qiymətləndirilməlidir. Həmin çətin və keşməkeşli dövrdə verilən siyasi qərarlar həm ölkənin daxilində dərinləşən böhranın qarşısını almağa, həm də dövlətçiliyin ideya əsaslarını möhkəmləndirməyə xidmət edirdi. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri partiyanın yaranma fəlsəfəsini və strateji mahiyyətini dəqiq ifadə edir. Yeni Azərbaycan Partiyasının yaradılması cəmiyyətin taleyüklü mərhələsində atılmış məsuliyyətli addım idi. Müstəqil dövlətin yaranmasının ilk illərində ölkədə siyasi parçalanma, idarəçilikdə qeyri-sabitlik, dövlət qurumlarının funksional zəifliyi kimi hallar mövcud idi. Belə bir vaxtda Azərbaycan ziyalılarının təşəbbüsü ilə irəli sürülən yeni siyasi qüvvənin formalaşdırılması ideyası milli məsuliyyətin təcəssümü kimi tarixə düşdü. “91-lər”in Ulu Öndərə ünvanladığı müraciət isə həm ictimai iradəni ifadə edir, həm də dövlətçilik maraqlarının qorunmasını tələb edən tarixi zərurəti üzə çıxarırdı. Bu müraciət proseslərin gedişini müəyyən edən və radikal dağınıqlığın qarşısını alan prinsipial addım oldu.

Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi. Ulu Öndər Heydər Əliyevin həmin dövrdə bildirdiyi kimi, yeni siyasi təşkilat demokratik plüralizm şəraitində ölkənin siyasi-ictimai həyatında fəal rol oynaya, müstəqil Azərbaycanın möhkəmlənməsinə və inkişafına ciddi töhfə verə bilərdi. Bu baxımdan 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransı dövlətçilik ideyalarının möhkəmlənməsində dönüş nöqtəsi oldu. Azərbaycanın bütün regionlarını təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə keçirilən konfrans partiyanın Nizamnaməsini və Proqramını qəbul edərək Yeni Azərbaycan Partiyasının yaradıldığını rəsmiləşdirdi. Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi və bununla da siyasi meydanda yeni mərhələ başlandı. Konfransda qəbul edilən qərarlar Azərbaycan cəmiyyətinin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Yeni Azərbaycan Partiyası qısa müddət ərzində ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi, sabitlik və inkişaf modelinin siyasi dayağı oldu. Heydər Əliyevin rəhbərliyi ilə partiya cəmiyyətin geniş təbəqələrini birləşdirən, dövlətçilik maraqlarını əsas götürən siyasi institut kimi formalaşdı. YAP-ın xalq partiyası statusu məhz bu dövrdə özünün məzmunu ilə təsdiqləndi — dövlətin sabitliyinin qorunması, milli maraqların üstün tutulması və demokratik siyasi mühitin yaradılması partiyanın fəaliyyətinin əsas xəttini təşkil etdi. Yeni Azərbaycan Partiyası demokratik siyasi mədəniyyətin formalaşmasına da əhəmiyyətli töhfə verdi. Qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərən partiya ölkədə siyasi münasibətlər sisteminin sağlam əsaslar üzərində qurulmasına, siyasi dialoq ənənələrinin möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin inkişafına dəstək göstərdi. 2005-ci ildə Prezident İlham Əliyevin YAP-ın sədri seçilməsi ilə partiyanın inkişafında yeni mərhələ başlandı. Dövlət başçısı Heydər Əliyev siyasi kursunun davamçısı kimi ölkənin müasir inkişaf modelini formalaşdırdı. Onun YAP-ın VII qurultayında səsləndirdiyi “2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir… Mən demişdim ki, əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam” fikri siyasi varisliyin və dövlətçilik prinsipiallığının göstəricisidir. Yeni Azərbaycan Partiyasının həyatında mühüm mərhələ təşkil edən VII qurultay (5 mart 2021-ci il) partiyanın yenilənmə və modernləşmə proqramını müəyyənləşdirdi. Yeni Nizamnamənin qəbul edilməsi, 40 nəfərlik İdarə Heyətinin və 13 nəfərlik Təftiş Komissiyasının təsdiqi, Veteranlar Şurasının yaradılması partiyanın strukturunun müasir tələblərə uyğunlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu yeniləşmə partiyanın əvvəlki uğurlarını qorumaqla yanaşı, yeni siyasi çağırışlara operativ uyğunlaşmanı təmin etdi. Partiyanın qəbul etdiyi yeni Proqram beynəlxalq tendensiyaları, regional reallıqları və Azərbaycanın milli maraqlarını nəzərə alan kompleks siyasi inkişaf konsepsiyasıdır. Həmin Proqramda siyasi dəyərlər sistemi 10 əsas strateji istiqamət üzrə müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv dialoq, sosial ədalət, multikulturalizm və demokratik ənənələr. Bu dəyərlər Azərbaycanın müasir siyasi kimliyinin ideya əsaslarını təşkil edir. Partiyadaxili münasibətlər sistemi də yenilənmiş meyarlar əsasında qurulub: peşəkarlıq, sağlam rəqabət, etik davranış, innovativlik, elmlilik və müasirlik prinsipləri YAP-ın siyasi fəlsəfəsinin mühüm tərkib hissəsidir. Bununla yanaşı, partiyanın 11 strateji hədəfi — güclü iqtisadiyyat, inklüziv cəmiyyət, şəffaflıq, vətəndaş həmrəyliyi, milli-mənəvi dəyərlərin qorunması, xarici siyasət, ordu quruculuğu və Böyük Qayıdış kimi prioritetlər — dövlət siyasəti ilə paralel şəkildə inkişaf etdirilir.

Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri partiyanın siyasi xəttinin milli maraqlar üzərində qurulduğunu göstərir. Bu prinsip YAP-ın siyasi dialoq təşəbbüslərində, ölkədə milli həmrəyliyin möhkəmləndirilməsində və yeni siyasi konfiqurasiyanın formalaşdırılmasında özünü aydın şəkildə göstərir. YAP-ın bu gün cəmiyyətdə geniş sosial dayağa malik olması, 730 mindən artıq üzvü birləşdirməsi onun Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyası olduğunu təsdiqləyir. Son illərdə keçirilmiş bütün seçkilərdə partiyanın əldə etdiyi parlaq nəticələr — prezident seçkilərində, parlament və bələdiyyə seçkilərində qazanılan qələbələr — xalqın YAP-a və onun siyasi xəttinə yüksək etimadının bariz ifadəsidir. 1992-ci il 21 noyabr tarixində əsası qoyulan Yeni Azərbaycan Partiyası bu gün ölkənin siyasi, sosial və iqtisadi həyatında aparıcı rola malikdir. Dövlətçilik ideyalarına sədaqət, vətənə bağlılıq, ümummilli maraqlara xidmət partiyanın fəaliyyətinin əsas xəttini təşkil edir. YAP-ın keçdiyi yol müstəqil Azərbaycanın inkişaf tarixinin ayrılmaz bir parçası olaraq qalır və partiya bu gün də ölkəni yeni zirvələrə aparan siyasi qüvvə olaraq fəaliyyətini davam etdirir.

Tahir Mirkişili 
Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu