Modern.az

MÜSİAD Azərbaycanla TÜRKPA arasında görüş keçirildi

MÜSİAD Azərbaycanla TÜRKPA arasında görüş keçirildi

Aktual

27 Noyabr 2025, 10:52

MÜSİAD Azərbaycan İctimai Birliyi və Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) arasında görüş keçirilib.

Modern.az-ın məlumatlna görə, görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyəti üzvləri və Türk Dövlətləri Parlament Assambleyasının yeni Baş katibi cənab səfir Ramil Həsən iştirak ediblər.

Rəşad Cabirli görüşdə çıxışı zamanı MÜSİAD Azərbaycanın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və 2026-cı ildə Qarabağda təşkil edilməsi planlaşdırılan Türk Dünyası Biznes Forumu haqqında ətraflı məlumat verib. O, MÜSİAD-ın TDT-yə üzv bütün ölkələrdə filiallara sahib olmasının bu istiqamətdə real nəticələrin əldə olunmasına mühüm töhfə verdiyini vurğulayıb.

Səfir Ramil Həsən isə öz növbəsində, TÜRKPA-nın dörd daimi komissiyasının üzv dövlətlər arasında parlament əməkdaşlığının təşviq olunmasında əsas institusional mexanizm kimi strateji rol oynadığını qeyd edib. O, həmçinin MÜSİAD-ın təşəbbüslərini yüksək qiymətləndirərək, Türk İnvestisiya Fondunun ortaq iqtisadi layihələri dəstəkləyən aparıcı regional maliyyə aləti kimi artan əhəmiyyətini vurğulayıb və Assambleya ilə Fond arasında mövcud sıx və səmərəli əməkdaşlıqdan danışıb.

Görüşdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlıq perspektivləri geniş şəkildə müzakirə olunub. Qeyd edilib ki, TÜRKPA Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərini birləşdirən mühüm beynəlxalq qurumdur və Türk dövlətləri arasında qanunvericilik əməkdaşlığının, institusional inteqrasiyanın və ortaq təşəbbüslərin gücləndirilməsi missiyasını daşıyır.

Müzakirələr zamanı tərəflər biznes assosiasiyaları ilə TÜRKPA-ya üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə praktiki əməkdaşlıq mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

Bu görüş Türk dünyasında parlamentarizm, iqtisadi əməkdaşlıq və institusional tərəfdaşlıq baxımından mühüm addım kimi qiymətləndirilir.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli MÜSİAD Azərbaycan adından Ramil Həsəni mühüm vəzifəyə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı