"Son əməliyyat-istintaq prosesləri göstərdi ki, ictimai etimaddan sui-istifadə edib müxtəlif mərkəzlərin milli maraqlarımıza zidd siyasi sifarişlərini yerinə yetirən gizli dairələr illərlə paralel gündəm formalaşdırmaqla əsir imkanlarını qoruyub saxlamağa çalışıblar".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli deyib.
Millət vəkili bildirib ki, uzun müddət yüksək dövlət postu tutmuş Ramiz Mehdiyev özünü formalaşdırdığı sistemdənkənar şəbəkələr vasitəsilə “islahatçı, intellektual, dövlət təfəkkürlü fiqur” kimi təqdim edərək, ətrafına siyasi və akademik çevrələr toplamışdı:
"Onunla eyni xəttdə dayanan, radikal müxalifət ritorikası ilə tanınan Əli Kərimli və bu xəttə qoşulan digər simalar Mehdiyevin yaratdığı imkanlar və maliyyə resursları hesabına cəmiyyətdə “prinsipial mübariz”, “demokratiya carçısı” obrazı qazanmağa çalışırdılar. Lakin araşdırmalar ortaya çıxarır ki, bu "obrazlar" daxili ictimai rəyə yox, xarici dövlətlərdən gələn tapşırıqlara uyğunlaşdırılıb.
İllərlə yazılan kitablar, verilən müsahibələr, “azad cəmiyyət”, “demokratiya” kimi şüarlarla müşayiət olunan kampaniyalar reallıqda başqa məqsədlərə xidmət edib. Məqsəd ölkənin siyasi sistemini və konstitusion quruluşunu zəiflətmək, hakimiyyətlə cəmiyyət arasına sistemli şəkildə etimadsızlıq toxumu səpmək, ölkəni kənardan idarə olunan təzyiq alətinə çevirməkdən ibarət olub. Xaricdə qeydiyyatdan keçmiş “tədqiqat mərkəzləri”, “fondlar” vasitəsilə qurulan əlaqələr bu planların, diqqəti real alternativ idarəçilik mexanizmlərindən yayındıran dayaqları funksiyasını yerinə yetirib".
Azər Kərimli vurğulayıb ki, burada fundamental bir xətti aydın çəkmək lazımdır:
"Hakimiyyətin tənqid edilməsi, konstruktiv siyasi mübarizə aparılması sağlam siyasi mühitin tərkib hissəsidir. Amma daxili siyasi meydan, Moskva və digər başqa paytaxtlarda hazırlanmış ssenarilərin tətbiq olunacağı platforma deyil. Əgər hər hansı qrup mitinq, bəyanat və çağırışları xarici “strateji mərkəzlərin” planının bir parçasına çevirirsə, burada artıq müxalifətdən deyil, dövlətə xəyanətdən danışmaq lazım gəlir.
Diqqətçəkən məqamlardan biri də budur: uzun illər “avropasayağı düşüncə”, “müasir dünyagörüşü” adı ilə özünü təqdim edən həmin siyasi dairələr ən kritik məqamlarda, ölkəyə qarşı təhdidlər, təzyiqlər, təxribatlar fonunda ya susublar, ya da mövqelərini qeyri-müəyyən saxlayıblar.
Təhlükəsizlik strukturlarının həyata keçirdiyi istintaq bu baxımdan təkcə cinayət işlərinin araşdırılması deyil, həm də cəmiyyətə verilən siyasi mesajdır. Gizli maliyyə kanalları və əlaqələr, kənardan istiqamətləndirilən şəbəkələr üzərindən siyasi oyun qurmaq nə “siyasi aktivlik”, nə də "müxalifətçilik” sayıla bilməz".
Deputatın sözlərinə görə Azərbaycan bu gün öz sözünü özü deyən dövlətdir:
"Bu mövqeyi qorumaq üçün həm xarici təhdidlərə, həm də onların daxildəki təsir agentlərinə qarşı prinsipial, ardıcıl, qanuna söykənən reaksiya vacibdir. Heç kimin keçmiş vəzifəsi, akademik titulu və ya illərlə müxtəlif şəbəkələr vasitəsilə formalaşdırdığı saxta şəxsi imic onu məsuliyyətdən kənarda yayındıra bilməz.
Ölkənin əsaslarını sarsıdan, onu başqa dairələrin alətinə çevirməyə çalışan qapalı siyasi sxemlərə göz yummaq gələcək nəsillərə qarşı məsuliyyətsizlik olardı. Tarix də, qanun da son nəticədə bir həqiqəti təsdiqləyir: dövlətə qarşı oyun quran hər kəs bir gün qanun qarşısında cavab verməlidir!"