İlin sonunadək Azərbaycanla Gürcüstan arasında dəmiryolunda sərnişindaşımanın bərpa olunacağına dair iddialar yayılıb. Lakin hələ də bu istiqamətdə addım atılmayıb.
Bu istiqamətdə hər hansı hazırlıq işlərinin gedib-getmədiyi maraq doğurur.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər iki ölkə arasında sərnişin qatarlarının gediş-gəlişi ilə bağlı məsələ quru sərhədlərin bağlı olması ilə əlaqədardır:
“Koronavirus infeksiyasının ölkə ərazisində yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi tətbiq olunub, hazırda da davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bununla əlaqədar qatarlarla beynəlxalq istiqamətlərdə sərnişindaşıma fəaliyyəti 2020-ci ildən etibarən dayandırılıb”.
Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası İşçi Qrupunun üzvü Vüqar İskəndərov saytımıza açıqlamasında qeyd edib ki, sərhəd-gömrük sərnişin nəqliyyatı qaydaları və digər məsələlər hələ dəqiqləşdirilməyib:
“Azərbaycanla Gürcüstan dəmir yolları arasında artıq uzun zamandır ki, qatarların fəaliyyəti dayandırılıb. 2025-ci ildə reyslərin yenidən işə düşəcəyi ilə bağlı münasibət vardı. Ancaq hələ bu məsələ həllini tapmayıb. Qatar reyslərinin bərpası üçün texniki və inzibati hazırlıqlarla bağlı işlərin görülməsinə ehtiyac var. Gürcüstan tərəfi qeyd etmişdi ki, onlar tərəfindən bu işlərə başlanılıb və Azərbaycan tərəfində də müvafiq idarə bu məsələ ilə məşğuldur. Bu mənada həm də sərhəd-gömrük sərnişin nəqliyyatı qaydaları və digər məsələlər də hələ dəqiqləşdirilib razılaşdırılmayıb. Bunlar texniki məsələlərdir. Əsas olaraq, qarşılıqlı şəkildə sərnişin qatarlarının gediş-gəlişi daha çox insanları düşündürür. Bununla bağlı hökumətdən hər hansı məlumat verilməyib”.
V.İskəndərov vurğulayıb ki, quru sərhədlərin bağlı qalmasının səbəblərini ən dərindən dövlət başçısı və müvafiq orqanlar bilir:
“Sərhədlərin bağlı qalmasının səbəbləri bir neçə aspektdən izah edilib. Cənab Prezident parlamentdəki çıxışında da bu məsələyə toxunub. Sözün əsl mənasında bu, ölkə başçısının bir çox məsələləri uzaqgörənliklə bilməsi, düşünməsi, baş verə biləcək hansısa hadisələrin qarşısının preventiv olaraq alınması ilə bağlıdır. Elə məsələlər var ki, ölkə başçısı və müvafiq orqanlar bunları daha dərindən bilir və bunun üçün vacib addımları atır. Hazırda Azərbaycan dövlətinin ümdə vəzifəsi dövlətimizin, əhalimizin təhlükəsizliyinin təmin edilməsidir.
Hər halda sərhədlərin açılması, eləcə də Gürcüstana sərnişin qatarlarının gediş-gəlişinin təmin olunması istiqamətində vaxtın elan ediləcəyi ehtimalı yaxın günlərdə görünmür. Amma hazırlıqların başlanması, texniki işlərin görülməsi bu məsələnin öz həllini tapacağını göstərir. Hökumət lazım olan anda bununla bağlı qərar verəcək”.