Modern.az

Xəyanət cəzasız qalmayacaq

Xəyanət cəzasız qalmayacaq

Aktual

2 Dekabr 2025, 16:07

Bu gün Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclüdür. 90-cı illərin əvvəllərində Azərbaycan ciddi təhlükələrlə üz-üzə qalmışdı. Separatizm, səriştəsiz idarəçilik, vətəndaş müharibəsi ölkəmizi uçuruma sürükləyirdi. O dövrdə Azərbaycanın ağır vəziyyətə düşməsində ciddi rol oynayan Əli Kərimli və onun kimilərinin bu gün dövlətçilik ənənələrindən, inkişaf və tərəqqidən danışmağa ən azından mənəvi haqları yoxdur.

Sonrakı dövrdə Ulu öndər hakimiyyətə gələrək Azərbaycanı bütün bu bəlalardan xilas etdi. Azərbaycan tərəqqi və inkişaf yoluna qədəm qoydu. Qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik təmin olundu.

Sonrakı dövrdə bu siyasəti Prezident İlham Əliyev böyük uzaqgörənlik və müdrikliklə davam etdi. Ancaq bu siyasəti həyata keçirmək o qədər də asan olmadı. 2003-cü ildən başlayaraq bütün prezident seçkilərində hər dəfə bu radikal qruplar ölkəmizdə iğtişaş yaratmağa, hakimiyyəti güc yolu ilə dəyişməyə çalışdılar.

Hər dəfə müxtəlif zaman kəsiklərində Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli bir sıra xarici dövlətlərin maraqlarına xidmət edərək ölkədə həyata keçirilən uğurlu siyasətə kölgə salmağa çalışdılar. Bu özünü ölkəmiz əleyhinə verilən bütün bəyanatlarda, atılan addımlarda  açıq göstərirdi.

Sonrakı dövrdə baş verən proseslər onu göstərdi ki, bu qrupların uzun müddət Prezident Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyevlə birbaşa əlaqədə olmuş, ölkəmiz əleyhinə çirkli və məkrli addımları birgə planlaşdırmışlar.

Onlar arasında davamlı olaraq keçirilən görüşlərin, aparılan müzakirələrin əsas məqsədi isə ölkədə sabitliyi pozmaq, xalq iqtidar birliyini pozmaq idi. Ancaq onlar unutmuşdular ki, dövlətimiz bu cür məsələlərə barışmaz mövqe sərgiləyəcək. Hər biri qanun qarşısında cavab verəcəklər.

Ramiz Mehdiyev özünü nə qədər hakimiyyətə sadiq insan kimi göstərməyə çalışsa da, əslində hər zaman bütün məsələlərdə öz məqsədlərini güdüb. Çirkin məqsədlərini həyata keçirmək üçün hər zaman müxalifətlə ciddi əlaqədə olub. Gələcək üçün məkrli planlar qurub.

Hər kəs bilməlidir ki, Azərbaycan hüquqi dövlətdir. Bu gün təhlükəsizlik orqanlarının atdığı addımlar ölkəmiz əleyhinə məkrli planlar cızanların aşkar edilməsinə və qarşısının alınmasına yönəlib. 

Ölkənin milli maraqlarına zidd hərəkət edən hər bir şəxs anlamalıdır ki, Azərbaycan güclü dövlətdir, onun güclü lideri var. Ölkəmizin milli maraqlarına ziddi hərəkət etmək istəyən radikal qruplar qarşılarında xalqı görəcəklər. Azərbaycanda xalq – iqtidar birliyi sarsılmazdır.

Ceyhun Məmmədov
Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?