3 Dekabr-Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü cəmiyyətin inklüziv inkişafını ölçmək üçün mühüm göstərici rolunu oynayır. Bu gün təkcə sosial həmrəyliyiiio dövlət siyasətinin, hüquqi mexanizmlərin, biznes sektorunun və korporativ idarəçiliyin nə dərəcədə inklüziv olduğunun praktiki qiymətləndirilməsidir. Əlilliyi olan şəxslərin məşğulluğu isə bu prosesin ən kritik sahələrindən biridir. Əlilliyi olan şəxslərin ümumi məşğulluq səviyyəsi beynəlxalq trendlərdə də, regionda da hələ də orta göstəricilərdən aşağıdır. Əsas səbəblərdən biri infrastruktur və fiziki mühitin əlçatan olmamasıdır. Həm iş yerlərində, həm də ictimai məkanlarda universal dizayn prinsiplərinin tam tətbiq edilməməsi bu qrupun əmək bazarına çıxışını çətinləşdirir. Fiziki məkanlar, nəqliyyat, iş avadanlıqları və informasiya mühiti tam olaraq əlilliyi olan şəxslərə uyğunlaşdırılmayıb. İşə müraciət prosesləri, onlayn platformalar və karyera portallarında əlçatanlıq standartlarının olmaması rəqəmsal bərabərsizlik yaradır.
Bir çox işəgötürən əlilliyi olan şəxsin effektiv işləmə qabiliyyəti barədə yanlış stereotiplərə malikdir. Halbuki global araşdırmalar belə əməkdaşların işə bağlılığının daha yüksək olduğunu göstərir. Peşə hazırlığı, reabilitasiya və uyğunlaşdırılmış təlim proqramlarının yetərli olmaması da əmək bazarında rəqabət imkanlarını məhdudlaşdırır.
Azərbaycan qanunvericiliyində əlilliyi olan şəxslərin əmək hüquqları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun, Əmək Məcəlləsi, həmçinin sosial müdafiə və məşğulluğu təşviq edən dövlət proqramları ilə qorunur. Lakin hüquqi çərçivənin effektivliyi onun tətbiq mexanizmlərindən birbaşa asılıdır. Başqa sözlə, hüquqi baza mövcuddur, lakin bizneslərin bu çərçivəni real təcrübədə tətbiq etməsi daha mühüm mərhələdir. Bu gün inklüziv məşğulluq yalnız etik öhdəlik deyil, həm də biznesin davamlı inkişaf strategiyasının ayrılmaz hissəsi olmalıdır. Əlilliyi olan şəxslər çox vaxt yüksək motivasiya, məsuliyyət və peşəkar adaptasiya bacarığı ilə seçilirlər. Onların komandalara cəlb edilməsi şirkətin insan kapitalını gücləndirir və işçi sadiqliyini artırır. Bu qrup və onların ailələri birlikdə böyük istehlakçı seqmenti formalaşdırır. İnklüzivliyi nümayiş etdirən şirkətlər bu bazara daha etibarlı çıxış əldə edir və brend loyallığını artırır. Hazırda investorların diqqət mərkəzində olan sosial məsuliyyət məhz inklüziv məşğulluğu əhatə edir. İnklüziv işəgötürmə siyasəti olan şirkətlər beynəlxalq reytinqlər, tərəfdaşlıqlar və tenderlərdə üstünlük qazanır. Diversifikasiya edilmiş komanda fərqli düşüncə tərzləri, problemlərin alternativ həlli və innovativ yanaşmalar gətirir. Əlilliyi olan şəxslərin iştirakı komandalarda yaradıcı düşüncəni gücləndirir.
Bu baxımdan, müasir bizneslərdə Korporativ Sosial Məsuliyyət artıq yalnız sosial layihələr və yardım kampaniyaları ilə məhdudlaşmır. KSM modeli korporativ idarəetmənin ayrılmaz elementi kimi qəbul olunur və inklüzivlik bu modelin əsas indikatorlarından biridir. Bu yanaşmalar həm sosial təsir yaradır, həm də şirkətin imicini gücləndirir.
Əslində, 3 Dekabr - Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü inklüziv cəmiyyət quruculuğunda həm dövlətin, həm biznesin, həm də vətəndaş cəmiyyətinin üzərinə düşən məsuliyyəti xatırladır. Əlilliyi olan şəxslərin məşğulluğuna yönəlmiş siyasət və təşəbbüslər yalnız sosial rifahı artırmır, eyni zamanda iqtisadi inkişaf, rəqabətqabiliyyətlilik və dayanıqlı biznes modellərinin yaranmasına xidmət edir.
İnklüzivlik artıq seçim deyil, müasir biznes və əmək bazarının standartıdır. Bu standartı tətbiq edən şirkətlər həm sosial baxımdan məsuliyyətli davranmış olur, həm də uzunmüddətli biznes üstünlüyü əldə edirlər.
Beləliklə, bu gün hər bir biznes üçün ən mühüm sual budur: Siz kimin üçün dəyər yaradırsınız və bu dəyəri kimlərlə birlikdə yaradırsınız? Əgər əlilliyi olan şəxslər bu dairənin kənarında qalırsa, demək ki, həm sosial məsuliyyət, həm də biznes potensialı tam reallaşmır. Şirkətlər üçün inklüziv iş yerləri yaratmaq artıq könüllü seçim deyil, rəqabət, insan kapitalı və korporativ etibar üçün strateji zərurətdir. Əlilliyi olan şəxslərə iş imkanları açmaqla bizneslər yalnız bir insanın həyatını dəyişmir, həm də öz komandasının gücünü artırır, brend dəyərini möhkəmləndirir və dayanıqlı inkişafın real daşıyıcısına çevrilir. Bu gün hər bir işəgötürən universal dizaynı, rəqəmsal əlçatanlığı və bərabər imkanları prioritetə çevirməli, iş qapılarını əlilliyi olan şəxslər üçün geniş açmalıdır. Çünki inklüziv iş yeri quran biznes yalnız məsuliyyətli deyil, gələcəyə hazır biznesdir. İndi dəyişiklik etmək, qapıları açmaq və hamı üçün bərabər imkanlı iş mühiti yaratmaq vaxtıdır.
Çinarə Ağayeva,
Biznes məsləhətçi