Xəzəri dəniz də, göl də adlandırırlar. Coğrafiyaçılar isə belə deyirlər: Xəzər dünyada ən böyük göl və ən kiçik dənizdir. Şairlər ona çoxlu söz qoşublar, bəstəkarlar mahnı həsr ediblər, rəssamlar onun rənglərindən ilham alıblar. Hətta övladına Xəzər adını verənlər də var. Xəzərə həsr olunan mahnılarda ona məhəbbətdən yoğurulmuş misralar var: “Öz mavi aynamdır Xəzərim mənim”, “Gəlirəm Xəzəri yara-yara...”, “Sənsən əzəl mənim ürəyimdə, sənsən Xəzər mənim ürəyimdə”, “Bahar məclis qurubdu, Xəzərin sahilində”...
Həkimlər Xəzər suyu və qumunun ən yaxşı müalicə vasitələrindən olduğunu söyləyirlər. Onların dediyinə görə, qızılı-qırmızı kvars qumu orqanizm üçün çox əhəmiyyətlidir. Xəzər dənizi nadir balıqların vətənidir. Xəzər tükənməz sərvət qaynağı, sağlamlıq mənbəyi, ruhumuzun oylağıdır. Bakı onun sahilinə baş qoyub uyuyur, dənizin lacivərd suları gecələr şəhərə layla çalır.
Dünyada bənzəri olmayan Xəzər dənizi ilin-ayın hər fəslində füsunkardır. Onun mavi dalğaları gözəlliyi ilə ürəkləri riqqətə gətirir. Səhərlər Günəş öz qızılı şəfəqlərini Xəzərin üzərindən şəhərə yayıb Bakını nura boyayır. Limanlara tələsən gəmilər isə dənizə başqa bir rəng qatır.
Ancaq hamımızın doğma hesab etdiyimiz Xəzər dənizi son illər heç də xoş günlərini yaşamır. Dəniz qarış-qarış, addım-addım, metr-metr bizdən uzaqlaşır... Dəniz suyunun azalmasının uzun müddət davam etməsi təsərrüfat sahələrinə, xüsusilə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə mənfi təsir edə bilər.
Ekoloqlar bunu iqlim dəyişmələri, buxarlanma, dənizə gələn çay axınlarının azalması və başqa səbəblərlə izah edirlər. Onlar Xəzərdə vaxtaşırı belə proseslərin getdiyini deyirlər. Nə Bakını Xəzərsiz, nə Xəzəri Bakısız təsəvvür etmək mümkün deyil. Təəssüf ki, sahilboyu ərazilərdə onun geri çəkilməsi dənizin füsunkar gözəlliyinə xələl gətirir. Ona görə də narahatlıq doğuran bu mənzərəni seyr edən hər kəsi bir sual düşündürür: Xəzər, hara gedirsən?
Modern.az Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı AZƏRTAC-ın fotoreportajını təqdim edir.






