Modern.az

Rauf Arifoğludan Sərdar Cəlaloğluna cavab: “Yalan və yanlışdır” 

Rauf Arifoğludan Sərdar Cəlaloğluna cavab: “Yalan və yanlışdır” 

Aktual

4 Dekabr 2025, 11:14

ADP sədri Sərdar Cəlaloğlu MediaTürk TV efirində çıxışı zamanı son həbslərlə bağlı bir sıra açıqlamalar verib.

Modern.az xəbər verir ki, bu zaman Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlunu da Milli Şura qurucusu və o qurumun rəhbərlərindən biri kimi təqdim edib. Bu səbəbdən də R. Arifoğlunun da istintaqa cəlb olunmasını tələb edib.

Onun bu açıqlama və iddialarına Rauf Arifoğlu cavab verib:

“Sərdar Cəlaloğlu MediaTürk TV efirində çıxışı zamanı bir sıra faktları təhrif edib və mənim adımı da bu mövzuda yanlış şəkildə hallandırıb. O, iddia edir ki, guya mən Milli Şuranın qurucularından olmuşam və bu gün istintaqa cəlb olunmalı şəxslər sırasında mənim də adım çəkilməlidir. Bu fikir tamamilə yalan və əsassızdır, ictimaiyyət üçün dəqiqləşdirilməlidir.

Mən Milli Şuranın qurucusu olmamışam və həmin layihənin yaradılmasına 2013-cü ildə açıq şəkildə qarşı çıxmışam. Bu mövqeyimi həmin dövrdə rəhbəri olduğum media orqanlarında, digər KİV-lərdə başlıqlarda, reportajlarda, köşə yazılarında dəfələrlə bəyan etmişəm. Bununla yanaşı, o zaman müxalifətin yuxarı koordinasiya strukturu olan İctimai Palatanın rəhbərlərindən biri kimi, eyni mövqeyi Əli Kərimli, İsa Qəmbər və digər şəxslərin iştirak etdiyi iclaslarda da açıq şəkildə demişəm.

2019-cu ilin sentyabrında “AzLogos”a verdiyim geniş müsahibədə də Milli Şura layihəsinin mahiyyətini, arxa planını, təhlükəli yönlərini tam təfsilatı ilə izah etmişəm. Həmin müsahibə son günlər yenidən gündəmə gəlib, geniş yayımlanıb və bir çoxlarının indi dilə gətirməyə çalışdığı faktlar mənim tərəfimdən o vaxt açıq şəkildə qeyd olunub.

Mənim mövqeyim dəyişməzdir: Milli Şura layihəsi Rusiyanın siyasi ssenarisi idi. Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə müxalifəti bir çətir altında toplamaq təşəbbüsü Azərbaycan dövlətçiliyi üçün riskli və təhlükəli layihə idi. Biz bunu o zaman da açıq deyirdik, indi də deyirik.

Belə olan halda Sərdar Cəlaloğlunun efirdə faktları təhrif etməsi, aparıcının da buna müdaxilə etmədən efirdə səslənən yanlışlıqları sərbəst buraxması təəssüf doğurur. Heç kim mənə aid olmayan bir prosesə mənim adımı calaya bilməz. Bu, nə siyasi, nə mənəvi, nə də peşə etikasına uyğundur.

Mən bu iddiaları rədd edirəm və bildirirəm ki, bu cür yanlış informasiyalar ictimai rəyə qəsdən çıxarılır. Bu mövzuda danışmaq istəyən hər kəs mənim həmin illərdəki açıqlamalarıma, yazılarıma, müsahibələrimə nəzər yetirsin – hər şey açıq və yazılı şəkildə ortadadır.

Sərdar bəy növbəti dəfə faktlara söykənmədən barəmdə yalan-yanlış danışdığı üçün ona bir daha xatırladıram: Mən Milli Şuranın qurucusu olmamışam və o layihəyə qarşı olmuşam. Bu barədə də yüzlərlə yazı, açıqlama, bəyanat, müsahibə vermişəm. Son günlər isə sayt, qəzet və TV efirlərindən bununla bağlı çoxsaylı açıqlamalarım olub. Məndən az qala bütün media quruluşları rəy alıblar, əksər siyasətçilər bu mövzuda yazarkən, danışarkən mənim 2019-cu ildəki müsahibəmdən sitatlar gətiriblər. Necə olur ki, bütün bunlara rəğmən Sərdar Cəlaloğlu məni Milli Şuranın qurucusu elan edir? Adamın içindəki qərəz bu qədərmi böyükdür ki, bunca faktları görməzdən gəlir?”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimliyə görə partiya sədrləri bir-birinə dəydi - AĞIR SÖZLƏR