Dekabrın 5-də işgüzar Naxçıvan səfəri çərçivəsində Marsol Group-un partnyorları və nümayəndə heyəti Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ilə görüş keçirib.
Modern.az xəbər verir ki, görüş zamanı icra başçısı Ordubadın qədim Azərbaycan torpağı kimi zəngin tarixi, iqtisadi və mədəni irsi, eləcə də rayonun inkişaf prioritetləri barədə məlumat verib.
Rəcəb Rəhimli bildirib ki, Prezident İlham Əliyevin Ordubad Tarix-Memarlıq Qoruğunu dövlət qoruğu elan etməsi, həmçinin “Gəmiqaya–Göygöl Tarixi-Mədəni Kompleksi”nin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi rayonun beynəlxalq tanınırlığını daha da artırıb. Ordubadın iqtisadi potensialından söz açan icra başçısı rayonun əsas istiqamətlərinin ipəkçilik, meyvəçilik, konserv sənayesi və mədən sahəsi olduğunu qeyd edib.
Görüşdə həmçinin Zəngəzur dəhlizinin açılmasının Ordubad və bütövlükdə Şərqi Zəngəzur üçün yaratdığı yeni tranzit, ticarət və turizm imkanları vurğulanıb. Bildirilib ki, dəhliz sahibkarlığın inkişafına ciddi təkan verəcək.
Marsol Group-un rəhbəri Tural Mustafayev çıxış edərək qəbula görə təşəkkür edib və Ordubadın inkişaf istiqamətlərini yüksək qiymətləndirdiyini bildirib. Görüşə onlayn qoşulan iş adamları da öz təcrübələrini, rayonun iqtisadi inkişafı ilə bağlı fikir və təkliflərini bölüşüblər. Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda Marsol Group tərəfindən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimliyə xatirə hədiyyəsi təqdim edilib.