Modern.az

BMU-da dünya şöhrətli alimlə görüş keçirilib - FOTO

BMU-da dünya şöhrətli alimlə görüş keçirilib - FOTO

Aktual

8 Dekabr 2025, 15:04

Bakı Mühəndislik Universitetində (BMU) Almaniya hökumətinin təsis etdiyi “kiçik Nobel mükafatı” adı ilə tanınan “Aleksander fon Humboldt”a layiq görülən ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevlə görüş təşkil olunub.     

Modern.az xəbər verir ki, görüşdə rektor Yaqub Piriyev beynəlxalq miqyaslı alimi BMU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, Məsud Əfəndiyevin elmi nailiyyətləri və böyük təcrübəsi tələbələr, gənc tədqiqatçılar üçün dəyərli nümunədir. Elmin inkişafına göstərilən diqqət və dövlət siyasətinin əsas istiqamətlərini vurğulayan rektor AMEA-nın 80 illik yubileyində Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas prioritetlərə diqqət çəkib. Eyni zamanda elmi fəaliyyətin dəstəklənməsi, müasir tədqiqat infrastrukturunun yaradılması, xüsusilə universitetlərlə sənaye müəssisələri arasında sıx əlaqələrin qurulması ilə bağlı vəzifələrin icrasının ali təhsil müəssisələrinə beynəlxalq rəqabətliliyin artırılması, real sektora innovativ həllər təqdim olunması baxımından yeni imkanlar açacağını deyib. Bu baxımdan elm sahəsində beynəlxalq fəaliyyətin əhəmiyyətini qeyd edən Yaqub Piriyev nüfuzlu alimlərlə əməkdaşlığın elmi mühitin gücləndirilməsi, tələbələrin tədqiqat maraqlarının artırılmasında xüsusi rol oynadığını da söyləyib.

Sonra alimin həyat  və elmi yaradıcılıq yolu təqdim olunub. Bildirilib ki, aparıcı beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvü olan alim Almaniya ilə yanaşı, Yaponiya, Danimarka və Kanadanın nüfuzlu mükafatlarına layiq görülüb. Görkəmli alim 8 kitabın, 180-dən çox məqalənin müəllifidir və dünyanın ən tanınmış ali təhsil ocaqlarında riyaziyyat fənni üzrə mühazirələr oxuyub. “Helmholtz” Elmi-Tədqiqat Mərkəzinin “Dinamik sistemlər” şöbəsinin müdiri olmaqla bərabər, Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyətinin sədridir. Prezident İlham Əliyev tərəfindən elmdəki nailiyyətlərinə və diasporun inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.

Daha sonra çıxış edən professor Məsud Əfəndiyev belə bir görüş üçün minnətdarlığını çatdırıb. O, DAAB-ın məqsədləri, beynəlxalq elmi mühitdə Azərbaycan alimlərinin mövqeyinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Prezident İlham Əliyevin DAAB-ın fəaliyyətinə göstərdiyi dəstəkdən bəhs edən professor burada təmsil olunan gənc və nüfuzlu azərbaycanlı alimlərlə bağlı fikirlərini bölüşüb. Həmçinin Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə həyata keçirilən dövlət proqramları çərçivəsində xaricdə təhsil alan gənclərin hazırda dünya elminə inteqrasiyada mühüm rol oynadıqlarını qeyd edərək formalaşan güclü orta nəslin nailiyyətlərinin ölkəmizin intellektual potensialını artırdığını bildirib. Professor Məsud Əfəndiyev çıxışında son iki ildə BMU-da elmi və akademik potensialın gücləndirilməsi üçün atılan addımları təqdir edib, eləcə də birgə əməkdaşlıq perspektivlərini dilə gətirib.

İnteraktiv formatda davam edən görüş zamanı DAAB-da təmsil olunan azərbaycanlı və xarici alimlərin BMU-da tədris prosesinə cəlbi, master-klasların təşkili, elmi sahədə əməkdaşlıq, universitetin elmi jurnallarının coğrafiyasının genişləndirilməsi məsələləri ətraflı müzakirə edilib. Habelə informasiya texnologiyaları, biotexnologiya, kimya və mühəndislik sahələri üzrə xaricdə yaşayan alimlərlə geniş müstəvidə əməkdaşlığın vacibliyi önə çəkilib.

Sonda qonaq BMU-nun Kibertəhlükəsizlik, Kompüter, Kimya, Mexanika mühəndisliyi laboratoriyalarında, həmçinin Texnoparkda olub, tələbələrin praktiki məşğələlərini izləyib və hazırladıqları startaplara baxıb. Tələbələrlə səmimi söhbət aparan alim onların ingilis dili bacarıqlarını, texniki hazırlığını, innovativ yanaşmalarını yüksək qiymətləndirib və öz tövsiyələrini çatdırıb. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Parlamentdə deputatlar arasında GƏRGİNLİK