Prezident İlham Əliyev Slovakiya Respublikasında rəsmi dövlət səfərindədir. Ölkə başçısı dekabrın 8-də slovak həmkarı Peter Pelleqrini ilə görüşüb.
İki ölkə arasında əməkdaşlıq prespektivləri və neft ixracı, hərbi sahədə əməkdaşlıq kimi məsələlər müzkairə olunub.
Prezident İlham Əliyevin səfəri bu gün də davam edir. Dövlət başçısı Slovakiya Milli Şurasının sədri ilə də görüşüb.
Prezidentin Slovakiya səfərini şərh edən Milli Məclisin Azərbaycan-Slovakiya Parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə Modern.az-a bildirib ki, gündəlik olduqca zəngindir:
"Bu səfər cənab Prezidentin Slovakiyaya ilk rəsmi dövlət səfəridir. Dövlət başçısının Slovakiya səfərinin gündəliyi olduqca zəngindir. Energetika sahəsində əməkdaşlıq, Azərbaycanın Slovakiyaya qaz ixracı və ixracın genişləndirilməsi, eləcə də qeyri-ənənəvi, yaşıl enerji layihələrinin inkişafı kimi məsələlər müzakirə olunub. Məlum olduğu kimi, Azərbaycanda Günəş və külək enerjisi istehsal olunur, həmin enerjinin bir hissəsi Qara dəniz vasitəsi ilə Avropaya çatdırılacaq, Slovakiya da həmin yaşıl enerjini alan ölkələrdən biri olacaq. Slovakiya Azərbaycana investisyalara, turizmə çox böyük maraq göstərir".

Deputat vurğulayıb ki, iki ölkə arasında müdafiə sənayesinin çox böyük planları var və bu Azərbaycanı sevindirir:
"Slovakiya həm Avropa İttifaqına, həm də NATO-ya üzvdür. Məhz bu səbəbdən Slovakiyanın təcrübəsi böyükdür. Müasir və yüksək texnologiyaların hərbi sənayedə tətbiqi, birbaşa uçuşların yaradılması, təhsil və elm sahəsində əməkdaşlıq, kənd təsərrüfatı sahəsində əməkdaşlıq mövcuddur. Kənd təsərrüfatında əməkdaşlıq daha çox Qarabağa aiddir. Slovakiya şirkətləri artıq bərpa işlərinə cəlb olunub. Bütün bunlar əməkdaşlıq üçün geniş prespektivlər yaradır və Azərbaycanın Avropa məkanında etibarlı dostluğu yaranır. Avropa məkanı da Azərbaycan vasitəsilə Orta Asiya və Çinə nəqliyyat dəhlizlərindən yararlanaraq, çıxış əldə edir. Yaşıl dəhlizlər, energetika və transport dəhlizlərindən söhbət gedir ki, Azərbaycan burada bağlayıcı rol oynayır və etibarlı partnyor olaraq, Orta dəhlizi inkişaf etdirir. Geosiyasi baxımdan çətin bir dövrdə Slovakiya-Azərbaycan əməkdaşlığı Avropanı Cənubi Qafqaza birləşdirməyə də dəstək olur".
Politoloq Elxan Şahinoğlu söyləyib ki, Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir:
"Xüsusilə də Azərbaycanın əsas ticarət tərəfdaşları məhz Avropa ölkələridir. Neftimizi, qazımızı əsasən Avropa ölkələri alır. Ortaq layihələr mövcuddur. Yaşıl enerjinin də son ünvanı Avropadır. Orta dəhliz və Zəngəzur dəhlizi ilə yüklər Avropa ölkələrinə daşınacaq. Bu baxımdan Azərbaycan Slovakiya ilə də əməkdaşlığa xüsusi əhəmiyyət verir".

E.Şahinoğlunun fikrincə, Qarabağda bərpa-quruculuq işlərində Slovakiya şirkətlərinin iştirakı iki ölkə arasında əməkdaşlığın möhkəm bünövrə üzərində qurulmasına şərait yaradır:
"Slovakiya ilə hərbi sahədə də əməkdaşlıq mümkündür. Slovakiyanın bu sahədə böyük təcrübəsi mövcuddur. Keçmişdə Çexya ilə Slovakiyanın bir yerdə olduğu və Çexoslovakiya adlandırıldığı vaxtda həm Çexiya, həm də Slovakiyada hərbi zavodlar vardı. Bu sənaye iki dövlət bir-birindən ayrılandan sonra da davam etdi. Slovakiya da bu sahədə Azərbyacanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Slovakiya ilə birgə hərbi texnikanın istehsalını da həyata keçirə bilərik. Slovakiya buna hazırdır. Bu ölkə hər zaman Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Qarabağda tikinti və yenidənqurma işlərində Slovakiya şirkəti iştirak edir ki, bu da iki ölkə arasında əməkdaşlığın möhkəm bünövrə üzərində qurulmasına şərait yaradır".
Milli Məclisin Azərbaycan-Slovakiya Parlamentlərarasi İşçi Qrupunun digər üzvü Elçin Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin bu səfəri iki ölkə münasibətlərində yeni əməkdaşlıq istiqamətlərinin əsasını qoyan mühüm siyasi hadisə kimi dəyərləndirilir:
“ Azərbaycan Prezidentinin Bratislavaya ilk rəsmi səfəri iki ölkə arasında uzun illər ərzində formalaşmış dostluq münasibətlərini yüksəltməklə yanaşı, tərəflərin qarşılıqlı siyasi iradəsini və gələcəyə yönəlmiş əməkdaşlıq vizionunu daha da gücləndirir. Səfər zamanı aparılan təkbətək və geniş tərkibli danışıqlar da göstərir ki, Azərbaycan və Slovakiya münasibətlərin dərinləşdirilməsi üçün həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində kifayət qədər geniş və real birgə fəaliyyət imkanlarına malikdirlər.
Slovakiya Prezidenti Peter Pelleqrininin səsləndirdiyi fikirlər bu ölkənin Azərbaycanı Cənubi Qafqazda mühüm strateji tərəfdaş kimi gördüyünü nümayiş etdirir. Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşməsi, böyük enerji resurslarına, təchizat infrasturukturuna, geniş tranzit imkanlarına malik və regionun ən güclü iqtisadiyyatına sahib olması Bratislavanın Bakı ilə əlaqələrin genişləndirilməsində marağını şərtləndirən əsas amillərdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə isə bu münasibətləri hüquqi-siyasi baxımdan ən yüksək mərhələyə qaldırıb və bu sənədin təsiri artıq real sahələr üzrə konkret əməkdaşlıq planlarında özünü göstərir.

Şübhəsiz ki, energetika sahəsi Azərbaycan–Slovakiya münasibətlərinin əsas və strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyevin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan qazının ilk dəfə Slovakiyaya çatdırılması enerji əməkdaşlığının gələcək genişlənməsi üçün ciddi başlanğıcdır. Azərbaycanın mövcud və perspektiv qaz yataqları, həmçinin yeni hasilat və tranzit imkanları ölkəyə Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş rolunu daha da möhkəmləndirmək imkanı verir. Slovakiyanın da enerji təchizatını şaxələndirmə strategiyası fonunda Bakı ilə bu sahədə əməkdaşlıq həm iqtisadi, həm də siyasi baxımdan böyük perspektiv vəd edir.
Müdafiə sənayesi sahəsində dialoq iki ölkə arasındakı münasibətlərin yeni istiqamətlərindən biridir. Slovakiyanın hərbi sənaye təcrübəsi və istehsal potensialı Azərbaycan tərəfinin maliyyə və texnoloji inkişaf imkanları ilə sintez olunarsa, hər iki tərəf üçün yüksək əlavə dəyər və imkanlar yaradan birgə istehsal modelləri formalaşa bilər. Bu əməkdaşlıq yalnız müdafiə sahəsinə yox, həm də sənaye və texnologiya sektoruna innovativ təsir göstərə biləcək bir platforma kimi qiymətləndirilir.
Nəqliyyat, logistika və tranzit əməkdaşlığı iki ölkə arasında nəzərəçarpan perspektivlərdən biridir. Azərbaycan Şərq–Qərb və Orta Dəhliz layihələrinin əsas tranzit ölkəsi kimi Avropanın Orta Asiya və Cənubi Qafqazla əlaqələrində strateji mövqeyə malikdir. Bu bağlamda Slovakiyanın nəqliyyat və logistika zəncirində Azərbaycanla daha sıx əməkdaşlığı həm Avropa üçün alternativ marşrutların genişlənməsi, həm də iki ölkə arasında iqtisadi inteqrasiya dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İnformasiya texnologiyaları və data mərkəzlərinin yaradılması sahəsində aparılan müzakirələr müasir qlobal iqtisadiyyatın tələblərinə uyğun yeni əməkdaşlıq istiqamətidir. Azərbaycanın geniş enerji ehtiyatları və soyuq iqlimə malik bölgələrinin olması ölkəni beynəlxalq data mərkəzi infrastrukturu üçün əlverişli platformaya çevirir. Slovakiya şirkətlərinin bu sahədə iştirakı gələcəkdə rəqəmsal ekosistemin birgə inkişafını mümkün edə bilər.
Humanitar, təhsil və mədəni əməkdaşlıq, eləcə də turizm sahəsində əlaqələrin inkişafı, bir qayda olaraq ölkələr arasında ictimai diplomatiyanın güclənməsinə əlavə töhfə verir. Slovakiyanın şirkətinin azad edilmiş ərazilərimizdə “ağıllı kənd” layihəsində iştirakı bu ölkənin Azərbaycanın Böyük Qayıdış strategiyasına dəstək verməyə hazır olduğunu nümayiş etdirir. Hava nəqliyyatı əlaqələrinin genişləndirilməsi isə ticarət, biznes və turizm axınlarının artırılmasına xidmət edən mühüm addımdır”.
Deputatın fikrincə, səfərin siyasi tərəfi də xüsusi qeyd olunmalıdır:
“Prezident İlham Əliyevin Slovakiyada yüksək səviyyədə qarşılanması, iki ölkə rəhbərlərinin münasibətlərdə qarşılıqlı etimad və dostluğa əsaslanan mesajları Bratislavanın Bakıya verdiyi siyasi dəstəyin əhəmiyyətini daha da artırır. Slovakiyanın Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin ildönümündə yüksək səviyyədə təmsil olunması da dostluq münasibətlərinin real nümunəsi kimi diqqət çəkir.
Bütün bu məqamlar göstərir ki, Prezident İlham Əliyevin Slovakiyaya səfəri yalnız diplomatik protokol hadisəsi deyil, iki ölkə arasında yeni və daha çevik əməkdaşlıq formatlarının əsasını qoyan strateji dönüş nöqtəsidir. Səfər iqtisadi, texnoloji, enerji, müdafiə və nəqliyyat sahələrində konkret layihələrin icrasına təkan verəcək, Azərbaycan–Slovakiya münasibətlərini Avropa–Qafqaz müstəvisində yeni strateji səviyyəyə yüksəldəcək bir platforma kimi çıxış edir”.