Modern.az

Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Aktual

11 Dekabr 2025, 10:34

Azərbaycan-Türkiyə İş Adamları və Sənayeçiləri Birliyi (TÜİB) 2025-ci il Fəaliyyət Hesabatının təqdimatı və II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair detalların paylaşılması məqsədilə mətbuat konfransı təşkil edib.

Modern.az xəbər verir ki, tədbirdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, yeni investisiya planları və strateji hədəflər ictimaiyyətə açıqlanıb.

TÜİB rəhbərliyi 2025-ci ilin Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsinin genişlənməsi, birgə sənaye layihələrinin artması və investisiya mühitinin möhkəmlənməsi baxımından səmərəli keçdiyini bildirib. Fəaliyyət Hesabatında il ərzində həyata keçirilən layihələr, rəsmi görüşlər, əməkdaşlıqlar və əldə olunan nəticələr ətraflı şəkildə təqdim olunub.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat iki həftə sonra baş tutacaq II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair keçirilən mətbuat konfransında deyib ki,2025-ci ildə Türkiyə-Azərbaycan iş dünyasında "Yeni üfüqlər" sloqanı ilə bir proses başlanıb və məqsəd hər iki ölkənin iqtisadiyyatının inkişafına töhfə verməkdir.

"Bu istiqamətdə başda Azərbaycan iqtisadiyyat naziri və Türkiyə ticarət nazirinin dəstəyi olmaqla, 23 dekabrda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək. "Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş naziri Əli Əsədovun da qatıldığı forumda iştirak edəcəklər. Tədbirdə 500-dən çox şəxsin iştirakı və 6 panel sessiyanın olacağı gözlənilir".

Mətbuat konfransında, həmçinin II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun proqramı, iştirakçı ölkələr və iş dünyasının nümayəndələri barədə məlumat verilib. Forumda enerji, nəqliyyat–logistika, sənaye, KOBİ-lərin inkişafı və rəqəmsal iqtisadiyyat kimi sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müzakirə ediləcəyi bildirilib.

TÜİB nümayəndələri qurumun Azərbaycan ilə Türkiyə arasında iqtisadi körpü rolunu davam etdirdiyini və qarşıdakı dövrdə birgə investisiya layihələrinin artırılmasının əsas məqsəd olduğunu vurğulayıblar.

Tədbir mətbuat nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Serdar Şengül

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -