Modern.az

907-ci düzəliş ləğv edilir: Azərbaycan ABŞ-dən hansı silahları alacaq?

907-ci düzəliş ləğv edilir: Azərbaycan ABŞ-dən hansı silahları alacaq?

Aktual

11 Dekabr 2025, 12:13

ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişi tam ləğv etməyə yönəlmiş qanun layihəsini təqdim edib. Artıq bu barədə Konqresin saytında məlumat yerləşdirilib.

Xatırladaq ki, bu düzəliş ABŞ-ın Azərbaycana hərbi və maliyyə yardımı göstərməsini məhdudlaşdırır.

907-ci düzəlişin ləğv edilməsindən sonra Azərbaycanla ABŞ arasında hərbi sahədə əlaqələrin hansı səviyyədə olacağı, Azərbaycanın ABŞ-dən hansı silahları satın alacağı diqqətçəkən məqamlardır.

Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanla indiki ABŞ Administrasiyası arasında münasibətlərdə kifayət qədər müsbət dinamika müşahidə olunur:

"Azərbaycanla ABŞ arasında əməkdaşlığın səviyyəsi daha da genişləndirilir. Təbii ki, Respublikaçılar Partiyasını təmsil edən Anna Paulina Lunanın nümayəndələr palatasında 907-ci düzəlişin tam ləğv edilməsinə dair qanun layihəsini təqdim etməsi kifayət qədər müsbət addımdır və bu Azərbaycan tərəfində də,təbii ki,dəstəklənir. Belə bir düzəlişin tam ləğv olunması Azərbaycanla ABŞ arasında bir çox istiqamətlərdə, o cümlədən müdafiə, təhlükəsizlik və hərbi-texniki sahədə əməkdaşlığın daha da genişlənməsinə gətirib çıxaracaq".

Hərbi ekspert qeyd edib ki, gələcəkdə zəruri olan silahların alınması və birgə istehsalı gündəmə gələ bilər:

"Konkret olaraq hansı silahların və ya təchizatların satılacağından danışmaq üçün hələ tezdir. Amma gələcəkdə zəruri olan silahların alınması və birgə istehsalı gündəmə gələ bilər. Düşünürəm ki, indiki vəziyyətdə ABŞ sərhəd təhlükəsiziliyi və narkotik qaçaqmalçılığının qarşısının alınması üçün Azərbaycanla Xəzər hövzəsində və İranla sərhəddə daha yaxından əməkdaşlıq edə bilər. Bunu üçün heç bir mane yoxdur".

Təhlükəsizlik eksperti İlham İsmayıl isə düşünür ki, gələcək prespektivdə satışı qadağan edilməyən və bizim üçün lazımi olan silahların alınması mümkün ola bilər:

"ABŞ-nin silah satışı istiqamətində müəyyən məhdudiyyətləri var. Məsələn ABŞ NATO üzvü olmayan ölkələrə hər silahını vermir. Onların böyük hərbi sənaye kompleksi var. Bu gün ABŞ Ukryanaya da silahı satır, hədiyyə etmir. Bizə lazım olan və satışı üçün heç bir məhdudiyyət qoyulmayan silahların alınması tamamilə mümkündür. Əsas odur ki, bu düzəliş ləğv olunsun. Bizim üçün müdafiə qabiliyyətimizin artırılması lazım olan silahları almaq üçün gələcəkdə müraciət edə bilərik".

Ekspert gələcəkdə hansı silahların Azərbaycana satılacağı barədə konkret danışmağın mümkün olmadığını deyib:

"Bizə F-16 verilib-verilməyəcəyi, yaxud prespektivdə hansı layihədə iştirak edə biləcəyimiz barədə əvvəldən danışmaq olmaz. Türkiyə F-35 layihəsində iştirak edir, amma hələ də qardaş ölkəyə bu qırıcılar təhvil verilməyib. Ən əsas məsələ düzəlişin özünün ləğv olumasıdır. 907-ci düzəlişin ləğvi ABŞ-lə Azərbaycan arasında münasibətlərin yaxşılaşmasının sübutudur və bu, daha vacib nüansdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?