Modern.az

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı - FOTOLAR

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı - FOTOLAR

Aktual

11 Dekabr 2025, 18:06

Bu gün MÜSİAD Azərbaycanın dərnək mərkəzində VİDAL Özəl Sənaye Məhəlləsinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə VİDAL Özəl Sənaye Məhəlləsinin direktoru Teyyub Cabbarov, İqtisadiyyat Nazirliyinin Sənaye Şöbəsinin Layihələrin Əlaqələndirilməsi sektorunun müdiri Cavid Qurbanlı və Industrial Management and Development MMC-nin direktoru Ramiq Salmanov iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbir qarşılıqlı əməkdaşlıq imkanlarının müzakirəsi və yeni təşəbbüslərin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edib. Görüş zamanı MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlərə diqqət çəkib.

 

O, Azərbaycanda son illərdə formalaşdırılan münbit biznes mühitinin yerli və xarici investorlar üçün geniş imkanlar açdığını qeyd edib. Rəşad Cabirli bildirib ki, MÜSİAD dünyanın 90-dan artıq ölkəsində 60 mindən çox üzvü bir araya gətirən geniş şəbəkəyə malikdir. Onun sözlərinə görə, bu güc əməkdaşlığın daha koordinasiyalı şəkildə həyata keçirilməsi üçün mühüm platforma rolunu oynayır.

 

Sədr vurğulayıb ki, əsas məqsəd müxtəlif qurumlar arasında əlaqələri gücləndirmək, tərəfdaşlığı möhkəmləndirmək və birgə layihələr yaratmaqdır. O, MÜSİAD-ın bir körpü funksiyasını yerinə yetirdiyini, həmçinin qarşılıqlı iş bölüşdürülməsi üçün real imkanlar yaratdığını bildirib. Azərbaycan üzrə 100-dən çox üzvün fəaliyyət göstərməsi isə təşkilatın ölkədəki nüfuzunun göstəricisi kimi dəyərləndirilib.

 

Görüşdə çıxış edən Cavid Qurbanlı əməkdaşlıq təşəbbüslərini yüksək qiymətləndirib. O, sənaye zonalarının inkişafının iqtisadi artıma mühüm töhfə verdiyini vurğulayıb.

 

Teyyub Cabbarov VİDAL Özəl Sənaye Məhəlləsində həyata keçirilən layihələr barədə geniş məlumat verib. O bildirib ki, sənaye məhəllələri yerli istehsalın gücləndirilməsi və ixrac potensialının artırılması üçün vacib alətdir.

 

Görüş zamanı gələcək əməkdaşlıq imkanları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə innovativ yanaşmaların tətbiqi və sənaye müəssisələrinin dayanıqlı inkişafı əsas mövzulardan biri olub.

 

Tərəflər qeyd ediblər ki, yeni əməkdaşlıq modelləri regional iqtisadi inteqrasiya üçün əlavə imkanlar yarada bilər. Görüş qarşılıqlı anlaşma və əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilib.

 

Sonda MÜSİAD Azərbaycan ilə VİDAL Özəl Sənaye Məhəlləsi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandum tərəflər arasında informasiya mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Həmçinin sənaye sektorunda qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsi planlaşdırılır.

 

Qeyd edilib ki, bu sənəd gələcəkdə birgə layihələrin reallaşdırılması üçün hüquqi baza yaradacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?