Modern.az

Rusiya ordusuna qoşulan muzdlu azərbaycanlıları hansı cəza gözləyir...

Rusiya ordusuna qoşulan muzdlu azərbaycanlıları hansı cəza gözləyir...

Aktual

15 Dekabr 2025, 14:00

Rusiyadakı bəzi azərbaycanlıların sosial şəbəkələr vasitəsilə Azərbaycandan şirnikləndirici vəslərlə Rusiya üçün Ukraynada gedən müharibəyə adam cəlb etdikləri barədə məlumatlar yayılıb.

Son günlər Rusiya tərəfindən vuruşan azərbaycanlıların həlak olması ilə bağlı xəbərlərin artması diqqətləri bu məsələyə yönəldib.

Bir çox ekspertlər qanunsuz əməllərlə məşğul olan şəxslər haqda ölçü götürülməsini təklif ediblər.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Rusiya və Ukraynada yaşayan Azərbaycan vətəndaşlarını konfiliktə qoşulmamağa çağırıb:

"Bu barədə birinci dəfədir eşidirəm. Rusiyada və Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının bu konfiliktə qoşulmalarını istəmirəm. Rusiya-Ukrayna müharibəsi iki qardaş slavyan xalqı arasında baş verir. Bu müharibənin tezliklə bitməsi arzuolunandır və dövlətlər bunun üçün çalışır. Rusiya və Ukrayna vətəndaşı olan azərbaycanlılar təbii olaraq, o ölkələrin qanunlarına riayət etməlidirlər. Orada müvəqqəti yaşayanlar, iş dalınca gedənlərin isə konfiliktə qoşulmamasını istəyərdim. Eyni zamanda kimlərinsə burada kommersiya xarakterli fəaliyyət göstərməsini məqbul hesab etmirəm. Azərbaycan müharibə ağrısını görüb və bu ağrı hələ də hər bir ailənin içərisindədir. Müharibə dəhşətli bir şeydir və mən Rusiyaya oxumaq, işləmək üçün gedənlərin savaşa  qoşulmasını istəməzdim. Onsuz da dünya bu gün o müharibənin tezliklə bitməsinə çalışır. Gələn il müharibənin bitəcəyinə ümid edirəm. Amma eyni zamanda bizim xalqdan olan kimlərinsə müharibəyə çağırış etmələri, soydaşlarımızın bir hissəsini hərbi konfiliktə qoşması düzgün deyil”.

Parlamentari vurğulayıb ki, qanunsuz əməllərlə məşğul edən şəxsləri ağır cəzalar gözləyir:

“Qanunlarımıza görə Azərbaycan vətəndaşları ölkə xaricində hərbi münaqişələrdə iştirak etsələr, onları Azərbaycanda məhkəmə gözləyir. Bu, ağır cinayət sayılır və təsdiqini taparsa, ölkəmizin qanunları qarşısında həmin adamlar cavab verəcəklər. Təşkilatçılıq edənlər də cinayət məsuliyyəti daşıyacaqlar. Hər bir azərbaycanlının arzusu Ukrayna-Rusiya müharibəsinin bitməsi, sülhün, əmin-amanlığın bərpa olunması və bu iki qardaş xalq arasında münasibətlərin yaxşılaşmasıdır. Qoy, həmin ölkələrə gedən azərbaycanlılar yerli əhali ilə birlikdə dinc yaşayış içərisində olsunlar”.

Hərbi ekspert Ədalət Verdiyev isə qeyd edib ki, Azərbaycan vətəndaşlarının digər ölkə ərazilərində silahlı birləşmələrin tərkibinə daxil olması və döyüş əməliyyatlarında iştirakı mövcud qanunvericilikdə qadağandır və cinayət məsuliyyəti yaradır:

“Görünür, mövcud cəzaların sanksiyasının daha az olması, bir çoxlarını bu yanlış hərəkətdən çəkindirmir. Hesab edirəm ki, bu məsələdə hüquqşünaslar fikir bildirməli, daha sərt sanksiyalar qanunvericilikdə öz əksini tapmalıdır. Məsələnin bir də təbliğat tərəfi var. Konfiliktdə iştirak edənlər və onları müharibəyə cəlb edənlər barəsində daha sərt tədbirlər görülməlidir. Təbliğat da daha da gücləndirməlidir”.

Ekspert vurğulayıb ki, bir çoxları müəyyən məbləğ qarşısında gedib Rusiya tərəfindən işğalçı müharibədə iştirak edirlər.

"Onlar Ukrayna xalqının iztirablarını artırmaqla Azərbaycanın qalib ölkə nüfuzuna kifayət qədər ziyan vururlar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır