Modern.az

Naxçıvanın da büdcəsi təsdiqləndi

Naxçıvanın da büdcəsi təsdiqləndi

Aktual

15 Dekabr 2025, 18:28

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (birinci oxunuş), “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (ikinci oxunuş) və “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin (birinci oxunuş) müzakirəsi məsələləri daxil edilib.

 

Gündəlikdə duran birinci məsələnin müzakirəsi zamanı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Ali Məclis komitələrinin birgə iclasında “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub və layihənin Ali Məclisin növbəti iclasına təqdim olunması qərara alınıb.

 

Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsi barədə danışıb, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ilə əlaqədar çıxış edib.

 

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli büdcə layihəsinin təhlilinə dair analitik fəaliyyət üzrə Auditor Hesabatını diqqətə çatdırıb.

 

Qanun layihəsi ilə əlaqədar deputatlardan Şəhla Əhmədova, Canməmməd Canməmmədov, Mövlan Məmmədov, Azad Novruzov və Rafiq Novruzov çıxış etdikdən sonra İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev qanun layihəsinə dair komitənin rəyini diqqətə çatdırıb.

 

“Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

 

İclasın gündəliyində duran ikinci məsələnin müzakirəsi zamanı Bəxtiyar Məmmədov bildirib ki, qanun layihəsi Ali Məclisin 7 noyabr 2025-ci il tarixdə keçirilmiş plenar iclasında müzakirə edilib, təqdim edilən təkliflər və iradlar nəzərə alınaraq layihə üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul olunub.

 

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsnin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev məlumat verdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Gündəlikdə duran sonuncu məsələ - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

 

Bununla da Ali Məclisin növbəti iclası başa çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır