Avtomagistralda eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin ard-arda toqquşması, yaxud aramla hərəkətdə olan avtomobilin qəfil yoldan çıxaraq aşması cəmiyyətdə tez-tez belə bir sual doğurur: sürücü sükan arxasında olubmu? Acı reallıq isə göstərir ki, bu cür yol-nəqliyyat hadisələrinin mütləq əksəriyyətində sürücü yorğun və ya yuxusuz vəziyyətdə olub, bəzən isə mürgüləməmək üçün diqqəti yayındıran məşğuliyyətlərə yönəlib və bu, nəqliyyat vasitəsinin faktiki olaraq nəzarətsiz qalması deməkdir.
Modern.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilir.
“Son dövrlərdə baş verən ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, istər yük, istərsə də sərnişin daşıyan nəqliyyat vasitələrini idarə edən sürücülərin iş və istirahət rejiminə əməl etməməsi, uzunmüddətli fasiləsiz idarəetmə, diqqət dağınıqlığı, eləcə də texniki cəhətdən nasaz və istismar müddətini başa vurmuş nəqliyyat vasitələri ilə hərəkət etməsi yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradır. Bu cür hallar sürücünün idarəetmə qabiliyyətini zəiflədir, reaksiyanın gecikməsinə səbəb olur və nəticədə ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Sürücüləri yorğun, yuxusuz halda sükan arxasına keçməməyə, yük və sərnişindaşıma fəaliyyəti göstərən subyektləri isə təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyə çağırırıq”,- deyə məlumatda vurğulanır.