Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov Qarabağın işğaldan azad olunmuş ərazilərinə səfər edib.
Bu barədə Modern.az-a Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə tədbirinin keçirilməsi nəzərdə tutulur.
19 dekabr 2025-ci il tarixdə baş tutacaq görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Emin Hüseynov, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov, Türk Ticarət Mərkəzinin (TTM) direktoru Yılmaz Okuklu, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü Rafiq Qarayev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər şəxslər iştirak edəcəklər.
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin və Türk Ticarət Mərkəzinin birgə həyata keçirdiyi tədbir zamanı qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 4 dekabr "Manas Dastanı Günü" və 11 dekabr “Beynəlxalq Dağlar Günü” münasibəti ilə Ağdam rayon sakinləri ilə görüş nəzərdə tutulur.
Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Türk Ticarət Mərkəzinin birgə ideyası olan bu tədbirin təşkil olunmasında məqsəd ölkələr arasındakı tarixi qardaşlıq bağlarını daha da möhkəmləndirmək, ölkə liderlərinin yürütdükləri siyasətə dəstək vermək və işğaldan azad olunmuş ərazilərə, öz doğma yurdlarına qayıtmış Azərbaycan vətəndaşları ilə birgə olduqlarını nümayiş etdirməkdir.
Səfirin işğaldan azad olunmuş Qarabağ torpaqlarına heç bir xüsusi mühafizə qoruması olmadan getməsi və insanlarla səmimi görüşü diqqəti cəlb edib. O,Ağdamın Kəngərli kəndində sakinlərlə birgə nahar edib, çay süfrəsində səmimi hisslərini bölüşüb.
Hər zaman Azərbaycan xalqına qardaş mövqeyində dayanan Qırğızıstan Respublikasının səfiri Ağdam rayonu Əlimədədli kənd şəhidlərinin ruhuna dualar oxuyub və onlar haqqında məlumatlar əldə edib.
Səfər öncəsi səfir Ağdamda yerləşən “Aidə” bulağından su içib və Qarabağla bağlı təəssüratlarını bölüşüb.
Səfir Maksat Mamıtkanov Azərbaycan Dövlətinin Qarabağda gördüyü quruculuq-abadlıq işlərinə heyran qaldığını, bir qardaş ölkənin nümayəndəsi fərəh duyduğunu və bu işlərdə qardaş Qırğız Respublikasının hər zaman Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.
Səfər çərçivəsində səfiri müşayət edən Türk Ticarət Mərkəzinin direktoru Yılmaz Okuklu bu kimi tədbirlərin dost, qardaş münasibətdə olan ölkələr arasında daha çox keçirilməsinin əhəmiyyətini qeyd edib. Yılmaz Okuklu qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Ağdam rayon sakinləri ilə nəzərdə tutulan görüşün mənəvi əhəmiyyətindən də danışıb.
O bu kimi tədbirləri dost xalqların əbədi qardaşlıq münasibətlərinin davamı kimi qiymətləndirib.
Səfər çərçivəsində I Qarabağ Müharibəsinin döyüşçüsü, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə heyətinin üzvü cənab Rafiq Qarayev tarixi torpaqlarımız barədə cənab səfirə və digər qonaqlara məlumatlar verib.
Qeyd edək ki, 19 dekabr 2025-ci il tarixdə Qırğızıstan Respublikasının dəstəyi ilə tikilmiş, Ağdam rayonunda yerləşən Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində yerli sakinlərlə görüş keçiriləcək.
Görüş zamanı 500 ailəyə, o cümlədə 200-ə yaxın şagirdə bayram sovqatı paylanılacaq.
Bu kimi tədbirlərin Qarabağın işğaldan azad olunmuş digər ərazilərində də silsilə şəklində davam etdirilməsi nəzərdə tutulur.