Baş Prokurorluq cinayət işinin guya yoxa çıxması ilə bağlı yayılan məlumatlara dair açıqlama yayıb.
Baş Prokurorluqdan Modern.az-a verilən xəbərə görə, bəzi media subyektləri tərəfindən Zaidov Cabir Həsən oğlu barəsində istintaq aparılmış cinayət işinin guya 13 il əvvəl tamamlanaraq baxılması məhkəməyə göndərilməsi və sonradan həmin işin yoxa çıxması barədə məlumatlar yayılıb.
Bununla əlaqədar bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilmiş cinayət işi üzrə Zaidov Cabir Həsən oğlu Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həmin maddələr üzrə yekun ittiham elan olunub.
Cinayət işi üzrə ittiham aktı Baş Prokurorluq tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə baxışı zamanı təqsirləndirilən Cabir Zaidovun təqsiri sübuta yetirilsə də, ittiham edildiyi maddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, məhkəmənin 10 sentyabr 2012-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Qeyd edilib ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə istinad edilən əməllər Cinayət Məcəlləsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid maddələrinə tövsif edildiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Bu baxımdan, cinayət işinin məhkəməyə göndərilməsi ilə bağlı müvafiq məktubda qeyd olunan Bakı Ağır Cinayətlər Məhkəməsi ifadəsi texniki səhvdir.