İran faktiki olaraq ABŞ, İsrail və Avropa ilə tammiqyaslı qarşıdurma vəziyyətindədir.
Modern.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ali dini lider Ayətullah Əli Xameneinin rəsmi saytında dərc olunan müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu dövlətlər İranın müstəqil və güclü şəkildə inkişaf etməsini istəmir.
İran prezidenti qeyd edib ki, ölkənin hərbi potensialı əvvəlki dövrlərlə müqayisədə xeyli güclənib və mümkün hücumlar halında Tehran daha sərt cavab verməyə hazırdır. O vurğulayıb ki, İran cəmiyyətinin birliyi bütün xarici planların qarşısını ala bilər.
Bununla yanaşı, Pezeşkian bildirib ki, Tehran gərginliyin artmasında maraqlı deyil, lakin milli maraqlarını bütün mümkün vasitələrlə qoruyacaq. Onun sözlərinə görə, İran müdafiə qabiliyyətini artırmaqla yanaşı, regiondakı müttəfiqləri ilə əməkdaşlığı da davam etdirəcək.
Prezident müsahibəsində İranın qonşu ölkələrlə münasibətlərində müsbət dinamikanın müşahidə olunduğunu da diqqətə çatdırıb. O, mədəni və iqtisadi sahələrdə əməkdaşlığın gücləndiyi ölkələr sırasında Azərbaycan, Özbəkistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlərin adını çəkib. Pezeşkian eyni zamanda İranın Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanla da “çox yaxşı münasibətlər” qurduğunu bildirib.