Modern.az

Hava ilə bağlı daha bir xəbərdarlıq edildi

Hava ilə bağlı daha bir xəbərdarlıq edildi

Aktual

28 Dekabr 2025, 20:36

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, xəbərdarlıqda deyilir:

 

"Axşam saatlarında əlverişsiz hava şəraiti yollarda hərəkəti daha da təhlükəli edir!

 

Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın yağması və hava temperaturunun aşağı düşməsi nəticəsində yol şəraiti mürəkkəbləşib. Xüsusilə axşam saatlarında temperaturun daha da enməsi səbəbindən yol örtüyündə gizli buzlaşma ehtimalı artır ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir.

 

Hərəkət iştirakçılarının mənzil başına təhlükəsiz çatması üçün yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparsa da, bəzi sürücülərin yola hazırlıqsız çıxması həm onların özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.

 

Baş Dövlət Yol Polisi İdarəsi axşam saatlarında yol şəraitinin daha riskli olduğunu nəzərə alaraq sürücüləri:

 

* Səfərlərə çıxarkən axşam saatlarında yol şəraitinin daha təhlükəli olduğunu unutmamağa;

* Qış mövsümünə uyğun təchiz edilməmiş, xüsusilə şinlərinin protektor hündürlüyü normadan az olan, işıqlandırma və isitmə sistemləri nasaz avtomobillərlə riskli istiqamətlər üzrə hərəkətdən çəkinməyə;

* Körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilli yol sahələrində axşam saatlarında daha yüksək diqqət və ehtiyat göstərməyə çağırır.

 

Sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə isə gecə və axşam saatlarında mümkün qədər alternativ və daha təhlükəsiz marşrutlardan istifadə etmələri tövsiyə olunur.

 

Əziz sürücülər!

 

Yollarda bir anlıq diqqətsizliyin ağır nəticələrə səbəb ola biləcəyini bir daha xatırladır, gedəcəyiniz ünvana təhlükəsiz çatmaq üçün verilən tövsiyələrə əməl etməyinizi xahiş edirik".

Sizə yeni x var
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi