Azərbaycanda ilk dəfə Abşeron Regional Xəstəxanasında vərəm xəstəliyindən və eyni zamanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslər üçün hemodializ kabineti yaradılıb.
Bu barədə Modern.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, kabinet Ağciyər Xəstəlikləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb və artıq ilk pasiyent hemodializ müalicəsinə cəlb edilib.
Hemodializ kabinetində bir ədəd müasir tipli Almaniya istehsalı olan "Fresenius Medical Care" hemodializ aparatı quraşdırılıb. Kabinetdə pasiyentlərin rahatlığı üçün bütün lazımi şərait yaradılıb. Hemodializ kabineti lazım olan tibbi avadanlıqlarla tam təmin edilib.
Tibb müəssisəsində ixtisaslı xidmətin təşkili üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasından bir həkim-mütəxəssis, bir ixtisaslaşmış tibb bacısı və texnik prosesə cəlb olunur.
Sözügedən xidmətin təşkilində əsas məqsəd vərəm xəstəliyindən əziyyət çəkən pasiyentlərin digər dializ alan pasiyentlərlə təmasını aradan qaldırmaq, rahat şəkildə, vərəm xəstəliyinin müalicəsi ilə paralel olaraq hemodializ prosesinə cəlb olunmasıdır.
Gələcəkdə bu xidmətin digər Şəmkir və Qobustan regional xəstəxanalarında da təşkil edilməsi nəzərdə tutulub.