Namidə Bingöl,
Real TV-nin aparıcı müxbiri
Yanvarın 5-də Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə diqqətimi çəkən nüanslardan biri də ana dili ilə bağlı idi. Real TV-nin rəhbəri Mirşahin Ağayevin “Niyə bu qədər Azərbaycan dilini qorumağı tapşırırsınız, hər dəfə təkidlə, təkidlə, təkidlə? Nə təhlükə var?” sualı olduqca vacib və əhəmiyyətli idi.
Dövlət başçısı bu suala cavabında tarixi faktları və gerçəklikləri bu cür dilə gətirdi: “Bizim dilimiz böyük xalqın dilidir, bunu heç vaxt unutmamalıyıq və bizim dilimiz heç bir dilin kölgəsində ola bilməz".
Zənnimcə, bu ifadə həm çağırışdır, həm də tələb.
20-ci əsrin əvvəllərində Çəmənzəminli yazırdı: “Bu camaatı qaranlıqdan çıxartmağa ən əvvəl dil lazımdır”.
Bu dil isə mütləq şəkildə ana dilidir. Ana dilimiz təkcə milli kimliyimiz deyil, həm də milli sərvətimizdir. Hazırkı qlobal arenada cərəyan edən hadisələr bir çox məqamları ortaya qoyur. Artıq qlobal güclər fikir və planlarını sətiraltı deyil, birbaşa ifadə edir. Demək olar ki, üstüörtülü heç nə yoxdur. Deməli, dünya sürətli dəyişikliyə hamilədir. Əslində bəşər övladı tarixdən bu yana bir çox dəyişikliyə adət edib. Məsələn, icma quruluşlarında tayfanın ağsaqqalları vardı. Mübahisəli məsələləri həll edər, gənclərə yol göstərərdi. Bir növ körpü rolunu oynayardı. Zaman keçdi. Bəşər övladı kiçik daxmalardan böyük saraylara ayaq açdı. Qlobal miqyasda davam edən qarşıdurmaları beynəlxalq hüquq çərçivəsində həll etmək ağıla gəldi. Təbii ki, ağıla gələn dərhal masaya qoyuldu. Beləliklə, icma quruluşlarındakı ağsaqqalların missiyası kapitalizm dövründə BMT-yə həvalə olundu. Nəticə isə ortadadır. Uzun müddətdir ki, beynəlxalq hüquq sistemi iflic olub. Hərəkət edə bilmir. Məhz buna görə də münaqişələrin miqyası genişlənir. Bu baxımdan da, heç bir halda müharibələr təkcə ərazi, torpaq itkisi deyil, həm də xalqların milli kimliyinin, milli düşüncəsinin itirilməsi, silinib yox olmasıdır.
Hazırda dünyada istifadə olunan 7000-dən çox dilin 3000-ə yaxını yox olmaq təhlükəsi ilə üz-üzədir. UNESCO-nun hesabatlarında acı reallığın qeyd olunması məsələnin nə qədər ciddi olduğunu göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dil əldən gedəndən sonra heç də yaxşı nələrsə baş verməyəcək. Əksinə, fəlakətlər çoxalacaq. Ona görə də dövlət başçısı “Azərbaycan dilini qorumaq hər birimizin vəzifəsidir!" deyir.
Bəli, bu vəzifə həm də diqqətli və məsuliyyətli olmağımızi tələb edir. Hansısa yad ifadələrlə dilimizi arxa plana atmamalıyıq. Müxtəlif coğrafiyalarda davam edən qanlı müharibələr siqnaldır. Yeni dünya nizamı adı altında kiçik xalqlar böyük güclərin hegemonlugu altında əzilir, zorakılığa məruz qalır. Bu əsnada, təkcə fiziki zərbə endirmək rol oynamır, həm də milli dəyərləri yox etmək, milli ideologiyanı sıradan çıxartmaq hədəf seçilir. Deməli, doğma dilimizdə danışıb onu yaşatmağımız, gələcək nəsillərə ötürməyimiz həm də birliyimizi, gücümüzü ehtiva edir. Azərbaycan dili də dünyanın ən zəngin dilləri sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və bu dildə danışır.
Dünyaya gələndə anamızın səsində ana dilimizi eşitdiyimiz kimi, son nəfəsimizdə də ana dilimizdə pıçıldayırıq. Dualarımızdan tutmuş əsgər andımıza qədər ana dilimiz bizi müşayiət edir. Bir sözlə, ana dilimizə sədaqət andımız heç zaman pozulmasın!