Beynəlxalq münasibətlər və terrorizm üzrə ekspert Sinan Yıldız, MediaTürk TV-də Serdar Şengülün aparıcılığı ilə yayımlanan "Net Baxış 360 Dərəcə" proqramının qonağı olaraq, İranda baş verən son hadisələri və Türkiyə gündəmində olan Suriyanın Hələb şəhərində YPG/PKK terror təşkilatının fəaliyyəti ilə bağlı məsələləri dəyərləndirib.
Yıldız bildirib ki, İranda davam edən proseslər son dərəcə ciddi xarakter daşıyır və ABŞ-ın qlobal siyasəti yeni bir dünya müharibəsinə zəmin yaradır. Onun sözlərinə görə, ABŞ əvvəlcə Venesuela neftini nəzarətə götürüb, indi isə neftlə zəngin olan İrana yönəlib. Əsas məqsəd isə İran üzərindən Xəzər hövzəsinin enerji resurslarına çıxış əldə etməkdir.
İranın asanlıqla çökdürülə bilən bir ölkə olmadığını vurğulayan Yıldız qeyd edib: “ABŞ bunun üçün çox çalışmalı olacaq. İrana hücum etmək arı pətəyinə çomaq soxmaq kimidir”.
ABŞ-ın Əfqanıstan və Somalidən niyə geri çəkilməyə məcbur qaldığının diqqətlə təhlil edilməli olduğunu deyən ekspert, Vaşinqtonun Əfqanıstanda narkotik kartellərinə qarşı uğursuzluq yaşadığını iddia edib.
Yıldız əlavə edib ki, İranın nüvə potensialı və hərbi gücü ölkənin özünü təkbaşına müdafiə etməsi üçün kifayət edir. İran Silahlı Qüvvələrinin Rusiya istehsalı olan silah və hərbi texnologiyalardan da istifadə etdiyini xatırladan ekspert, ABŞ-ın xammal ehtiyaclarını qarşılamaq məqsədilə İrana yönəldiyinin açıq şəkildə göründüyünü bildirib. ABŞ-ın son dövrlərdə artan aqressiv davranışlarının isə dünya ictimaiyyətində ciddi narahatlıq doğurduğunu vurğulayıb.
Türkiyə gündəminə də toxunan Sinan Yıldız, Suriyanın Hələb şəhərində YPG və PKK terror təşkilatlarının artan fəallığının Suriya ordusu tərəfindən zərərsizləşdirildiyini qeyd edib. Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi qətiyyətli mövqe nümayiş etdirdiyini deyən Yıldız, “Türkiyə PKK və YPG terror təşkilatlarına heç vaxt güzəştə getməyəcək” fikrini səsləndirib.