Modern.az

Ötən il 70 min hektara yaxın ərazi minalardan təmizlənib

Ötən il 70 min hektara yaxın ərazi minalardan təmizlənib

Aktual

13 Yanvar 2026, 16:08

Media Təhlil Mərkəzinin Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2021–2025-ci illər ərzində ümumilikdə 248 min 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib.

Mərkəzdən Modern.az-a verilən məlumata görə, rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin ümumi sahəsi 62 min 23,9 hektar təşkil edib. 2025-ci ildə isə əvvəlki illə müqayisədə təmizlənən ərazilərin sahəsi 11,6 faiz və ya 7 min 181,8 hektar artaraq 69 min 205,7 hektara çatıb. Bu, son 5 il ərzində qeydə alınmış ən yüksək nəticədir.

İllər üzrə dinamikaya nəzər salındıqda görünür ki, 2021-ci ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin sahəsi 20 min 164,7 hektar olub. 2022-ci ildə həmin göstərici əvvəlki illə müqayisədə 117,8 faiz və ya 23 min 751,1 hektar artaraq 43 min 915,8 hektara yüksəlib. 2023-cü ildə isə 2022-ci illə müqayisədə 20,9 faiz və ya 9 min 165,8 hektar artım qeydə alınıb, təmizlənən ərazilərin sahəsi 53 min 81,6 hektar təşkil edib.

Ümumilikdə təqdim olunan göstəricilər mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin həcminin və intensivliyinin ildən-ilə artdığını nümayiş etdirir.

Aparılan təhlil nəticəsində müəyyən edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 1 861 ədəd tank əleyhinə mina və 4 min 963 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə isə 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 20 min 272 ədəd tank əleyhinə mina və 34 min 213 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Qeyd olunmalıdır ki, minatəmizləmə əməliyyatları həm mina sahələrində, həm də vaxtilə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə icra edilir.

Minatəmizləmə fəaliyyəti ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, eləcə də 5 özəl şirkət tərəfindən həyata keçirilir.

Aparılan təhlil nəticəsində müəyyən edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 52 min 392 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ən yüksək artım 2024-cü ildə qeydə alınıb. Belə ki, 2023-cü ildə 23 min 49 ədəd partlamamış hərbi sursat zərərsizləşdirildiyi halda, 2024-cü ildə həmin göstərici əvvəlki illə müqayisədə 156,7 faiz və ya 36 min 114 ədəd artaraq 59 min 163 ədədə çatıb.

Əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2022-ci ildə 14 min 950 ədəd, 2021-ci ildə isə 21 min 942 ədəd partlamamış hərbi sursatın aşkar edilərək zərərsizləşdirildiyi məlum olur.

Ümumilikdə 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 171 min 496 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.

Proqram çərçivəsində 2022–2025-ci illər ərzində 228 min 227 hektar ərazi minalardan tam şəkildə təmizlənib.

Beləliklə, dövlət proqramının icra müddətinin başa çatmasına təxminən bir il qalmış, nəzərdə tutulan ümumi ərazinin 81,5 faizi artıq minalardan tam təmizlənib, bu isə proqram üzrə tədbirlərin planlı və ardıcıl şəkildə icra edildiyini göstərir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır