Modern.az

Azərbaycanın su ehtiyatları nə qədərdir?

Azərbaycanın su ehtiyatları nə qədərdir?

Aktual

15 Yanvar 2026, 15:44

Azərbaycan son illərin ən ciddi ekoloji çağırışlarından biri olan su qıtlığı fonunda özünün içməli su ehtiyatlarının qorunması və idarə olunması strategiyasını yeniləyir.

Ölkənin su ehtiyatlarının 70%-dən çoxunun transsərhəd çaylar hesabına formalaşması məsələni milli prioritet səviyyəsinə qaldırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən su təhlükəsizliyi siyasəti çərçivəsində itkilərin azaldılması, müasir suvarma sistemlərinə keçid, yaşıl enerjinin hasil olunması və dəniz suyunun duzsuzlaşdırılması kimi innovativ layihələr ön plana çıxır.

"Böyük Qayıdış" proqramı çərçivəsində azad edilmiş torpaqlarda yeni su anbarlarının inşası Azərbaycanın gələcək onilliklər üçün su ehtiyatlarını sığortalamaq məqsədi daşıyır.

Məsələ ilə bağlı Milli Məclisin üzvü Rövşən Muradov Modern.az -a açıqlamasında bildirib ki, ölkədəki içməli suyun, təqribən, 75%-i mənbəyi digər ölkələrdə olan çaylardır:

“Əsas su mənbələrimiz Kür, Araz və Samur çaylarıdır. Kür və Araz çaylarının mənbəyi Türkiyə ərazisindən götürür, Samur çayı isə Rusiya Federasiyasının Dağıstan Respublikasından Azərbaycana daxil olur.

İşğaldan azad olunmuş ərazilərin payına düşən 25% su ehtiyatından artıq sərbəst şəkildə istifadə etmək imkanımız var. Çayların üzərində tikilən bəndlərin düzgün bölgüsü, nəticədə ölkəyə axan çay sularında azalmanın olmaması bizim prioritet məsələdir. Bunun üçün dövlətlər arasında hökumətlərarası komissiyalar mövcuddur”.

Deputat qeyd edib ki, Ermənistanın işğalı dövründə isə heç bir qayda-qanun təmin olunmurdu. Onların mis mədənləri və zavodlarından çıxan bütün çirkab suları birbaşa Araz çayına axıdılırdı. Nəticədə bu sular Araz vasitəsilə Kürə qarışır, daha sonra isə Xəzər dənizinə tökülürdü:

Milli Məclis üzvü qeyd edib ki, məhz buna görə də dövlət proqramının əsas məqsədi bu problemlərin aradan qaldırılmasıdır. Amma bu, təkcə Azərbaycanın problemi deyil. Xəzərə axan çaylar və Xəzərin özü qlobal problemdir:

“Əlaqələr inkişaf etdikcə bu problemlərin də həlli mümkün olacaq. Sülh müqaviləsinin paraflanması, müharibəsiz şəraitdə yaşamaq imkanının yaranması ekoloji təhlükəsizlik baxımından da vacibdir. Mən hesab edirəm ki, Ermənistan və Gürcüstanla gələcək əməkdaşlıqlar – istər enerji, istər nəqliyyat, istərsə də iqtisadi sahədə – ümumi ekoloji sistemə zərər vurmayacaq şəkildə qurulmalıdır”.

Rövşən Muradov deyib ki, suyun həcminin azalmasına səbəb olan bəndlər məsələsi ilə bağlı gələcəkdə dövlət proqramlarının hazırlanacağı gözlənilir. Bu proses mərhələli şəkildə həyata keçiriləcək.

Milli Məclisin üzvü Aydın Hüseynov qeyd edib ki, hazırda Ermənistanla sülh şəraitində yaşasaq da, diplomatik münasibətlər mərhələsinə keçməmişik:

“Uzun illər Ermənistan bizə su müharibəsi elan edib. Bizə gələn çaylara çirkab axıdıblar. Çəkilən bəndlər suyun miqdarına ciddi təsir edib. Əlbəttə, beynəlxalq konvensiya və öhdəliklər var. “Su mənim ərazimdən keçirsə, istədiyimi edim” prinsipi ilə yanaşmaq olmur.”

Yararlı sudan istifadə strategiyası ilə bağlı Modern.az-a ekoloq Telman Zeynalov danışıb.

O qeyd edib ki, Kür, Araz kimi gursulu çayların üzərində bənd tikmək düzgün deyil. Bu, tamamailə yalnış layihədir və ekoloji tarazlığa ziddir:

“Bəndlərin tikilməsi üçün xırda çaylar var. Hövzə və sututanlar 5-10 xırda çayı birləşdirməklə yaradılmalıdır. Həm də uzunluğu cəmi bir neçə 100 metrlərlə olan çaylar şəbəkəsini tənzimləmiş olarıq. Xırda olmasına baxmayaraq, hər il kiçik çayların birləşərək daşqın yaratmaq ehtimalı da var. Təbii fəlakətin qarşısını almaq lazımdır”.

Ekoloq sosial problemə də toxunaraq qeyd edib ki, ölkədə bəzi şəxslər maddi imkanlarından istifadə edərək hektarlarla ərazini tuturlar. Yeraltı sulardan yalnız özləri istifadə edirlər və əhalini susuz qoyurlar.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır