Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan ailə üzvləri ilə birlikdə Tərtər rayonunda olub.
Modern.az xəbər verir ki, səfər çərçivəsində Bilal Ərdoğan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Daha sonra rayon rəhbəri ilə birlikdə Tərtər şəhəri, Elman Səfərov küçəsində Sahib İsmayılova məxsus, erməni separatçıları tərəfindən atılmış “Smerç” raketi nəticəsində dağıdılmış açıq hava şəraitində fəaliyyət göstərən ev-muzeyinə baxış keçirilib.
Ekskursiya zamanı rayon icra hakimiyyətinin başçısı qonaqlara 44 günlük Vətən müharibəsi dövründə erməni silahlı qüvvələrinin raket və artilleriya hücumları nəticəsində dinc əhaliyə və mülki infrastruktura vurulmuş ağır ziyan barədə ətraflı məlumat verib.
Bildirilib ki, müharibə dövründə Tərtər şəhəri və onun yaşayış məntəqələrinə ümumilikdə 16 277 top, tank və “Qrad” mərmisi atılıb, 21 ədəd qadağan olunmuş raketdən istifadə edilib. Həmin raketlərdən biri – “Smerç” raketi bu gün ermənilərin mülki əhaliyə qarşı törətdiyi terrorun bariz nümunəsi kimi açıq hava muzeyi kimi qorunan Sahib İsmayılovun evinə düşərək tikilini tamamilə dağıdıb. Bu fakt erməni vəhşiliyinin və dinc sakinlərə qarşı törədilmiş terror aktlarının açıq sübutudur.
Qeyd olunub ki, 44 gün davam edən Vətən müharibəsi dövründə 40 yaşayış məntəqəsi üzrə 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial obyektə, o cümlədən, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, İlk Peşə ixtisas məktəbinə, Gənclər Mərkəzinə, Musiqi Məktəbinə, Klub İcma Mərkəzinə, 10 tibb müəssisəsinə və 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib, güclü dağıntılar olub. 58 fərdi yaşayış evi, çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tam dağılıb.
Vurğulanıb ki, Tərtər rayonu 44 günlük Vətən müharibəsində 46 hərbi qulluqçu və 16 mülki vətəndaş şəhid verib.
Səfər zamanı Bilal Ərdoğan dinc əhaliyə qarşı törədilmiş bu dağıntıların və faciələrin dərin təəssüf doğurduğunu bildirib, Azərbaycan xalqına və Tərtər sakinlərinə həmrəylik və dəstək ifadə edib. Səfər xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.