Modern.az

Davosdan verilən bu mesaj dünya liderlərinə ünvanlanan çağırışdır

Davosdan verilən bu mesaj dünya liderlərinə ünvanlanan çağırışdır

Aktual

21 Yanvar 2026, 10:06

"Prezident İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə əslində, Azərbaycanın yeni dünya nizamında öz yerini necə müəyyən etdiyini, hansı prinsiplərlə hərəkət etdiyini və hansı siyasi-fəlsəfi yanaşmanı əsas götürdüyünü açıq şəkildə ortaya qoyur".

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi əsas tezislərdən biri beynəlxalq münasibətlər sistemində fundamental dəyişikliklərlə bağlıdır:

"Dövlət başçısı açıq şəkildə bildirir ki, artıq beynəlxalq hüquq normaları bütün dövlətlər üçün mütləq və toxunulmaz meyar kimi qəbul edilmir. Bu fikir, əslində, son illərdə baş verən qlobal proseslərin fonunda hüququn selektiv tətbiqinin, ikili standartlar və güc siyasətinin önə çıxmasının real təsviridir.

Bu kontekstdə Prezident İlham Əliyevin vurğuladığı əsas məqam Azərbaycanın öz strateji xəttini milli maraqlar üzərində qurmasıdır. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası güc tətbiqi ilə deyil, məhz beynəlxalq hüququn tanıdığı legitim haqlar əsasında reallaşdırılmışdır. Bu isə Azərbaycanın yeni dünya nizamında fərqli və məsuliyyətli aktor kimi çıxış etdiyini göstərir.

Güc qaydası dövründə regional balans və praqmatik diplomatiya Prezident İlham Əliyevin “bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir” fikri müasir beynəlxalq münasibətlərin mahiyyətini son dərəcə dəqiq ifadə edir. Bu reallıq şəraitində Azərbaycan universal modelləri kor-koranə tətbiq etmək əvəzinə, öz potensialına uyğun siyasət formalaşdırmağı üstün tutur. Bu siyasətin əsas sütunları regional əməkdaşlıq, çoxtərəfli diplomatik əlaqələr və balanslaşdırılmış xarici siyasətdir".

Deputatın sözlərinə görə Davosdan verilən bu mesaj bir növ dünya liderlərinə ünvanlanan çağırışdır:

"Yeni dövrdə yalnız güclü institutlara deyil, güclü dövlət iradəsinə malik olmaq həlledici amildir.

Müsahibənin mühüm hissələrindən biri də Cənubi Qafqazda yaranmış yeni reallıqlara həsr olunub. Prezident İlham Əliyevin “biz beş-altı aydır sülh şəraitində yaşayırıq” fikri region üçün tarixi bir mərhələnin başlandığını simvolizə edir. Azərbaycan öz müstəqillik tarixində ilk dəfə olaraq müharibə və işğal faktorundan kənar, sülh şəraitində inkişaf perspektivi əldə edib.

Xüsusilə diqqətçəkən məqam Azərbaycanın Ermənistanla münasibətləri təkcə siyasi müstəvidə deyil, iqtisadi və humanitar sahələrdə də normallaşdırmaq istiqamətində atdığı real addımlardır. Yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, Ermənistanın enerji təhlükəsizliyinə faktiki töhfə verilməsi Azərbaycanın qalib dövlət olaraq revanşizmə deyil, uzunmüddətli sabitliyə üstünlük verdiyini göstərir. 

Enerji bazarları ilə bağlı qiymətləndirmə isə qlobal iqtisadi reallıqların rasional təhlilinə əsaslanır. Neft qiymətlərinin sabit qalması göstərir ki, artıq bazarlar regional böhranlara emosional deyil, struktur amillər əsasında reaksiya verir. Bu da Azərbaycanın enerji siyasətinin proqnozlaşdırılan və etibarlı xarakterini bir daha önə çıxarır.

Prezident İlham Əliyevin enerji sektoruna dair açıqlamaları Azərbaycanın Cənubi Qafqazda unikal mövqeyini təsdiqləyir. Regionda enerji ehtiyatlarına malik olan və bu ehtiyatları həm regional, həm də qlobal bazarlara çıxaran yeganə ölkə məhz Azərbaycandır. 16 ölkəyə, o cümlədən Avropa İttifaqına üzv olan 10 ölkəyə qaz ixracı Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrildiyini göstərir.

Boru kəməri ilə ötürülən qazın coğrafi əhatəsinə görə Azərbaycanın dünyada birinci yerdə olması sırf texniki göstərici deyil, strateji üstünlükdür. Bu, Azərbaycanın enerji resurslarını siyasi alətə çevirmədən, qarşılıqlı fayda prinsipi əsasında təqdim etdiyini sübut edir.

Müsahibənin ən diqqətçəkən siyasi mesajlarından biri də Avropa Parlamentinə münasibətlə bağlıdır. Prezident İlham Əliyevin “biz artıq buna reaksiya vermirik” ifadəsi diplomatik ritorikanın fövqündə dayanan siyasi qərardır. Bu, Azərbaycanın öz suveren siyasətini kənar təzyiqlər qarşısında müdafiə etməklə yanaşı, selektiv və qərəzli institutlarla əməkdaşlığa ehtiyac duymadığını nümayiş etdirir".

Azər Kərimli vurğulayıb ki, Avropa Parlamenti və AŞPA ilə əməkdaşlığın dayandırılması fonunda Avropa Komissiyası ilə münasibətlərin saxlanılması isə Azərbaycanın rasional və praqmatik yanaşmasının göstəricisidir: 

"Prezident İlham Əliyevin müsahibəsi bir daha təsdiqləyir ki, Azərbaycan artıq regional gündəmi izləyən ölkə deyil, onu formalaşdıran dövlətdir. Güc qaydasının hökm sürdüyü yeni dünya nizamında Azərbaycanın milli maraqlara söykənən, beynəlxalq hüquqa əsaslanan və praqmatik diplomatiya ilə möhkəmləndirilən modeli real alternativ kimi çıxış edir. Bu müsahibə həm beynəlxalq auditoriya, həm də region üçün açıq mesajdır. Azərbaycan sülhü də, sabitliyi də, əməkdaşlığı da güclü dövlət iradəsi üzərində qurur".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır