Modern.az

Qlobal enerji və nəqliyyat xəritəsində Azərbaycanın rolu

Qlobal enerji və nəqliyyat xəritəsində Azərbaycanın rolu

Aktual

21 Yanvar 2026, 10:48

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda keçirdiyi çoxsaylı görüşlər ölkəmizin beynəlxalq nüfuzunun, siyasi çəkisinin və iqtisadi cəlbediciliyinin bariz göstəricisidir.

Xüsusilə vurğulanmalıdır ki, dövlət başçısının Davosda apardığı yüksək səviyyəli təmaslar qarşı tərəflərin təşəbbüsü və dəvəti əsasında baş tutmuşdur. Bu fakt Azərbaycanın bu gün qlobal qərarverici mərkəzlərin diqqətində olduğunu bir daha təsdiqləyir.

Cənab Prezidentin Davosda dünya liderləri, beynəlxalq təşkilatların rəhbərləri və aparıcı transmilli korporasiyaların təmsilçiləri ilə keçirdiyi görüşlərdə əsas müzakirə mövzuları regional təhlükəsizlik, enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlıq və postmünaqişə dövründə Cənubi Qafqazın inkişaf perspektivləri olmuşdur. Bu müzakirələr göstərir ki, Azərbaycan artıq regional aktor olmaqdan çıxaraq, qlobal proseslərə təsir göstərən mühüm tərəfdaşa çevrilmişdir. Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra ölkəmizə beynəlxalq marağın əhəmiyyətli dərəcədə artması təsadüfi deyil.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, regionda yeni siyasi və iqtisadi reallıqlar yaratmışdır. Məhz bu reallıqlar fonunda ölkəmiz Cənubi Qafqazda sabitliyin və inkişafın əsas dayağı kimi çıxış edir. Davos görüşlərində Azərbaycanın regionun iqtisadi inkişafında aparıcı rol oynadığı xüsusi vurğulanmış, ölkəmizin nəqliyyat, logistika və enerji sahəsində həyata keçirdiyi strateji layihələr yüksək qiymətləndirilmişdir.

Prezident cənab İlham Əliyevin çıxış və görüşlərində Ermənistan–Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh sazişinin regional və beynəlxalq əhəmiyyəti xüsusi yer tutmuşdur. Dövlət başçısı Azərbaycanın sülhə sadiq olduğunu, lakin bu sülhün beynəlxalq hüquq prinsipləri, xüsusilə də dövlətlərin ərazi bütövlüyü əsasında qurulmalı olduğunu bir daha bəyan etmişdir. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması məsələsi yalnız iki ölkə arasında deyil, bütövlükdə region və Avrasiya məkanında iqtisadi inteqrasiyanı gücləndirəcək strateji layihə kimi təqdim edilmişdir. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşməklə, Asiya ilə Avropa arasında yeni və etibarlı əlaqə xətti yaradacaq. Bu layihə region ölkələri ilə yanaşı, qlobal ticarət və logistika sisteminə də mühüm töhfə verəcək. Davosdakı müzakirələr göstərdi ki, beynəlxalq ictimaiyyət bu dəhlizi regional sabitlik və iqtisadi inkişafın açar elementi kimi dəyərləndirir.

Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin Davos gündəminin əsas istiqamətlərindən biri olmuşdur. Bu gün Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınır. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji xəritəsini dəyişmiş, qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynamışdır. Davosda aparılan müzakirələrdə Azərbaycanın yalnız mövcud enerji resurslarının ixracı ilə kifayətlənmədiyi, eyni zamanda “yaşıl enerji” sahəsində də iddialı layihələr həyata keçirdiyi diqqətə çatdırılmışdır. Prezident cənab İlham Əliyevin Davos səfəri Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun, güclü liderlik mövqeyinin və praqmatik xarici siyasətinin növbəti təzahürü olmuşdur. Qarşı tərəflərin təşəbbüsü ilə baş tutan görüşlər bir daha sübut edir ki,

Azərbaycan bu gün qlobal gündəmin formalaşmasında nəzərə alınan, söz sahibi olan dövlətdir. Bu isə ölkəmizin gələcək inkişaf perspektivləri baxımından mühüm strateji üstünlüklər yaradır.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır