Modern.az

Davos görüşləri: Azərbaycanın iqtisadi inkişaf və innovasiya imici

Davos görüşləri: Azərbaycanın iqtisadi inkişaf və innovasiya imici

Aktual

21 Yanvar 2026, 10:52

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda keçirdiyi görüşlər ölkəmizin beynəlxalq arenadakı nüfuzunun və iqtisadi çəkisinin bariz göstəricisidir.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlət başçısı Davos görüşlərini qarşı tərəfin təşəbbüsü ilə aparmış, bu da Azərbaycanın qlobal siyasətdə etibarlı və hörmətli tərəfdaş kimi qəbul edildiyini göstərir. Davos səfəri çərçivəsində aparılan müzakirələr bir sıra strateji istiqamətləri əhatə etmişdir.

Prezident İlham Əliyev regionun iqtisadi inkişafında Azərbaycanın rolunu, ölkəmizin beynəlxalq ticarət, nəqliyyat və enerji sahələrindəki layihələrini xüsusi vurğulamışdır. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması yalnız regional inteqrasiyanı deyil, həm də qlobal iqtisadi əlaqələrin möhkəmlənməsini təmin edəcək strateji layihə kimi təqdim edilmişdir.

Dəhlizin istifadəyə verilməsi Asiya ilə Avropa arasında etibarlı nəqliyyat və logistika xəttini təmin etməklə, regional və qlobal ticarət üçün yeni imkanlar yaradır. Cənab Prezident həmçinin enerji sahəsində Azərbaycanın qlobal rolunu vurğulamışdır. Son illər ölkəmiz Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınır və xüsusilə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əsas rol oynayır. Davos görüşlərində bu fakt beynəlxalq investorlar və enerji şirkətləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Eyni zamanda, Azərbaycanın enerji resurslarının ixracının artırılması və “yaşıl enerji” sektoruna yönəlik strateji layihələrin müzakirəsi qlobal enerji bazarına töhfə vermək potensialını göstərmişdir. Postmüharibə dövründə Azərbaycanın artan beynəlxalq marağı diqqətəlayiqdir. Davos görüşlərində dünya liderləri, beynəlxalq təşkilatlar və aparıcı korporasiyalar ölkəmizin regionda sabitlik və iqtisadi inkişafın dayağı kimi rolunu müzakirə etmişdir. Cənab Prezident Ermənistan–Azərbaycan arasında imzalanacaq sülh sazişinin regional və qlobal əhəmiyyətini vurğulayaraq, Azərbaycanın sabitlik və tərəfdaşlıq prinsipinə əsaslanan xarici siyasət strategiyasını bir daha nümayiş etdirmişdir.

Davos platformasında müzakirələr yalnız siyasi və enerji sahəsi ilə məhdudlaşmamış, həmçinin iqtisadiyyatın yeni sahələrinə – süni intellekt, ixtisaslaşdırılmış texnologiyalar və innovasiyaların region iqtisadiyyatına tətbiqi məsələlərinə də diqqət yetirilmişdir. Bu baxımdan Azərbaycanın rəqəmsal transformasiya və texnologiya investisiyaları beynəlxalq investorlar üçün maraqlı perspektivlər təqdim edir və ölkəmizi həm regionda, həm də qlobal miqyasda innovativ tərəfdaş kimi göstərir.

Prezident cənab İlham Əliyevin Davos səfəri Azərbaycanın qlobal iqtisadi və siyasi gündəmdə artan rolunun növbəti təsdiqi olmuşdur. Qarşı tərəfin təşəbbüsü ilə baş tutan görüşlər, Azərbaycanın regionun aparıcı iqtisadi aktoru kimi mövqeyini, enerji və nəqliyyat sahələrindəki strateji üstünlüklərini və innovasiya potensialını bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir. Bu səfər həm də Azərbaycanın gələcək iqtisadi inkişaf perspektivlərinin etibarlı və dayanıqlı olduğunu göstərən mühüm göstəricidir.

Tahir Mirkişili

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır