Son zamanlar Abşeron rayonu Hökməli qəsəbəsi Bakı-Şamaxı şossesi 14-cü kilometr ünvanında yerləşən "Cənnət Park" Yaşayış Kompleksinin qazla təmin olunmaması ilə bağlı sakinləri tərəfindən şikayətlər kütləvi hal alıb.
İddialara görə eyniadlı şirkət tərəfindən verilən vədlərə görə qazla təminata vəd verilməsinə baxmayaraq bu istiqamətdə heç bir iş getmir.
Əhali elektrik enerjisinin istifadəsinə görə yaranmış borc məbləğini və mənzillərinin isidə bilməmələri haqda da şikayətlərində qeyd edirlər.
Problemlə bağlı “Tiktok” platformasında “cennet_park-_boykot” səhifəsi yaradılıb və hazırda hesabın 478 nəfər üzvü var.
Məsələ ilə bağlı Modern.az “Cənnət Park” MTK-ya sorğu ünvanlayıb:
“Sizin tərəfinizdən 23 yanvar 2026-cı il tarixində edilmiş şifahi müraciətlə əlaqədar olaraq bildiririk ki, Abşeron rayonu Hökməli qəsəbəsi Bakı-Şamaxı şossesi 14-cü kilometr ünvanında yerləşən "Cənnət Park" yaşayış kompleksinin 10-cu bina (bundan sonra -bina) 2024-cü ilin son rübündə və 11-ci bina isə 2025-ci ilin 2-ci rübündə müvafiq qaydada istismara verilmişdir. Binanın istismara qəbul edilməsi və sənədləşdirmə prosesləri qanunvericiliyin tələblərinə uyğun olaraq tam şəkildə yerinə yetirilmiş və bu istiqamətdə hər hansı hüquqi və ya texniki maneə mövcud deyildir.
2024-cü il və 2025-ci il ərzində binada və ayrı-ayrı mənzillərdə daxili təmir işləri yerinə yetirildiyi, habelə tikinti prosesi mərhələli formada icra olunduğu üçün, qaz təsərrüfatına aid kommunikasiya xətlərinin çəkilişi işləri müəyyən vaxt ərzində podratçı təşkilatların icra qrafiki əsasında yerinə yetirilmişdir.
Hal-hazırda Kooperativ tərəfindən görülmüş tədbirlər və aidiyyəti podratçı təşkilatlara verilmiş sifarişlər əsasında binalarda qaz xətlərinin çəkilməsi işləri icra edilmiş, qaz sayğaclarının sifarişi və quraşdırılması ilə bağlı proses davam etdirilir. Qeyd olunan texniki tamamlanma işlərinin 2026-cı ilin ikinci rübü ərzində başa çatdırılması nəzərdə tutulur.
Bununla yanaşı, sakinlərin kommunal təminatla bağlı yükünün azaldılması məqsədilə bina üzrə elektrik enerjisi sərfiyyatına görə tətbiq olunan ödənişlərə 30% həcmində güzəşt tətbiq ediləcəkdir.
Bildiririk ki, binada aparılan işlər məqsədli şəkildə ləngidilməmiş, yeni tikililərdə ümumi konstruksiya və mühəndis-kommunikasiya xətlərinin istifadəyə verilməsi prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli şəkildə icra edilmişdir”.