Modern.az

Sumqayıt Sənaye Parkında böyük investisiya

Sumqayıt Sənaye Parkında böyük investisiya

Aktual

29 Yanvar 2026, 12:36

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sumqayıta son səfəri çərçivəsində Sumqayıt Sənaye Parkında bir sıra mühüm sənaye obyektlərinin açılışı və yeni istehsal müəssisələrinin təməlinin qoyulması ölkənin iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun prioritet mövqeyini bir daha təsdiqləyir. Bu səfər həm dövlət başçısının sənayeləşmə siyasətinə verdiyi xüsusi əhəmiyyəti, həm də Sumqayıtın ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi mövqeyinin güclənməsini nümayiş etdirir. Səfər çərçivəsində cənab Prezident Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub, eləcə də “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin və güzgü vərəqələrinin istehsalı zavodunun açılışında iştirak edib. Bu layihələr yalnız yeni sənaye obyektlərinin istifadəyə verilməsi deyil, həm də ölkənin istehsal potensialının artırılması, idxaldan asılılığın azaldılması və ixrac imkanlarının genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Tarixən Azərbaycanın sənaye mərkəzlərindən biri olan Sumqayıt, son illərdə Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində müasir sənaye şəhərinə çevrilib. Sumqayıt Sənaye Parkının yaradılması, burada yüksək texnologiyaya əsaslanan istehsal sahələrinin cəmləşdirilməsi şəhərin iqtisadi simasını köklü şəkildə dəyişib. Bu gün Sumqayıt yalnız ağır sənaye ilə deyil, eyni zamanda emal, qablaşdırma, tikinti materialları və kimya sənayesi üzrə rəqabətqabiliyyətli məhsullar istehsal edən mərkəz kimi çıxış edir. Açılışı keçirilən karton və qutu taraları istehsalı müəssisəsi daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac yönümlü istehsal imkanları yaradır. Qablaşdırma sənayesinin inkişafı isə yerli istehsal zəncirinin güclənməsinə, kənd təsərrüfatı və sənaye məhsullarının daha səmərəli dövriyyəsinə şərait yaradır. Bununla yanaşı, güzgü vərəqələrinin istehsalı zavodu tikinti sektorunun artan tələbatını yerli istehsal hesabına təmin etməklə, yeni texnologiyaların tətbiqi və keyfiyyət standartlarının yüksəldilməsi baxımından mühüm addımdır. Bu müəssisə idxalın əvəzlənməsi siyasətinin uğurlu nümunəsi kimi qiymətləndirilir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiyanın əsas prioritetlərindən biri qeyri-neft sənayesinin inkişafıdır. Qlobal enerji bazarlarında baş verən dalğalanmalar fonunda iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın uzunmüddətli dayanıqlılığının təminatçısı kimi çıxış edir. Sumqayıt Sənaye Parkında reallaşdırılan layihələr bu strategiyanın konkret nəticələrini ortaya qoyur. Polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlinin qoyulması kimya sənayesinin dərin emal mərhələsinə keçidini sürətləndirir və yerli xammalın əlavə dəyər yaradan məhsula çevrilməsinə imkan verir. Bu isə sənaye kooperasiyasını gücləndirir və ixrac coğrafiyasının genişlənməsinə xidmət edir. Açılışı keçirilən müəssisələrin ən mühüm nəticələrindən biri yeni iş yerlərinin yaradılmasıdır. Bu müəssisələr Sumqayıt və ətraf regionlarda yüzlərlə vətəndaşın daimi işlə təmin olunmasına şərait yaradır.

Məşğulluğun artması əhalinin sosial rifahının yüksəlməsinə, regionda iqtisadi aktivliyin güclənməsinə və sosial sabitliyin möhkəmlənməsinə birbaşa təsir göstərir. Eyni zamanda, bu layihələr peşəkar kadrların yetişdirilməsi, texniki biliklərin artırılması və gənclərin sənaye sektoruna cəlb olunması baxımından da böyük əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyevin Sumqayıta səfəri və Sumqayıt Sənaye Parkında həyata keçirilən açılışlar Azərbaycanın sənaye siyasətinin ardıcıl və məqsədyönlü xarakter daşıdığını bir daha təsdiqləyir. Bu layihələr Sumqayıtın sənaye şəhəri statusunu daha da möhkəmləndirməklə, qeyri-neft sektorunun inkişafına, iqtisadi şaxələndirməyə və vətəndaşların rifahının yüksəldilməsinə mühüm töhfə verir. Dövlət–özəl sektor tərəfdaşlığı əsasında reallaşdırılan bu təşəbbüslər Azərbaycanın dayanıqlı inkişaf yolunda strateji addımlarının davamlı olacağından xəbər verir.


Tahir Mirkişili
Milli Məclisin deputatı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır