Modern.az

Bakıda “Anadolu Səhər Yeməyi Görüşü” keçirilib 

Bakıda “Anadolu Səhər Yeməyi Görüşü” keçirilib 

Aktual

30 Yanvar 2026, 13:32

Yunus Əmrə İnstitutu tərəfindən Bakıda təşkil olunan “Ənənəvi Anadolu Səhər Yeməyi Görüşü” Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə töhfə verən əlamətdar tədbir kimi yadda qalıb.

Modern.az xəbər verir ki, tədbirdə Türkiyənin Bakıdakı səfiri professor doktor Birol Akgün, ŞKTC-nin Bakı nümayəndəsi səfir Ufuk Turqanər, Azərbaycan mediasının tanınmış jurnalistləri və ali məktəb tələbələri iştirak ediblər.

Çıxışı zamanı Türkiyənin Bakıdakı səfiri prof. dr. Birol Akgün bildirib ki, Türkiyə və Azərbaycan faktiki olaraq vahid dövlət kimi hərəkət edir. Bu birliyin Türk dünyasında münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayan Akgün, bu şüarla yolun davam etdiriləcəyini qeyd edib.

Akgün, “Bir millət, iki dövlət” anlayışının daşıyıcıları olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasının gələcəyi baxımından böyük rol oynadıqlarını xüsusi qeyd edib.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin mədəni ölçüsünə diqqət çəkən səfir, “Türkiyə və Azərbaycanın ayrı-seçkisi yoxdur. Ancaq bir-birimizi daha yaxından tanımalı, daha yaxşı anlamalıyıq”, – deyə vurğulayıb.

ŞKTC-nin Bakı nümayəndəsi səfir Ufuk Turqanər isə çıxışında Türkiyə–ŞKTC–Azərbaycan münasibətlərinin ortaq tarix, dil və mədəniyyət zəminində hər keçən gün daha da gücləndiyini bildirib. Turqanər, Türkiyə və Azərbaycanın ŞKTC-yə verdiyi dəstəyin onlar üçün son dərəcə dəyərli olduğunu ifadə edib.

Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan da Türkiyə ilə Azərbaycan arasında mədəni qarşılıqlı əlaqələrin artırılması istiqamətində fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini söyləyib.
Tədbir çərçivəsində Anadolu səhər yeməyinin tarixi və mədəni mənşəyi aşpaz təqdimatı ilə iştirakçılara çatdırılıb. Anadolu mətbəxinin zəngin dadları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

“Ənənəvi Anadolu Səhər Yeməyi Görüşü” Türkiyə, Azərbaycan və ŞKTC arasında mədəni diplomatiyanın uğurlu nümunələrindən biri kimi qiymətləndirilib.

Serdar Şengül

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır