Gəncə Dövlət Universitetində qarşıdan gələn 2 fevral – Gənclər Günü münasibəti ilə Universitetin Tədris məsələləri üzrə prorektorluğunun təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Elmi Cəmiyyətinin, eləcə də Tələbə Gənclər Təşkilatının sədrləri və üzvləri iştirak edirdi. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri açaraq qarşıdan gələn bayram münasibəti ilə gəncləri təbrik etdi, onlara şəxsi həyatlarında, eləcə də dərslərində uğurlar arzuladı.
Modern.az xəbər verir ki, universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə Gənclər Gününün yaranması və dövlətimizin gənclər siyasətindən danışıb.
Pərvin Kərimzadə qeyd etdi ki, 2 fevral-Gənclər Günü təkcə gənclərin deyil, həm də cəmiyyətimizin həyatında vacib gündür. Onu da əlavə etdi ki, bizim savadlı, intellektual, eləcə də xalqını, vətənini sevən gəncliyimiz formalaşır və bununla fəxr etməliyik.
Tədbirdə Universitetin Tədris məsələləri üzrə prorektoru İsfəndiyar Alverdiyev gəncləri gələcəyimizin təmsilçiləri kimi qiymətləndirdi və onlara təbrikini çatdırdı. Prorektor bildirdi ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaradır. Azərbaycan dövləti gənclərin milli ruhda tərbiyə almasına xüsusi diqqət yetirir və həyata keçirilən məqsədyönlü tədbirlər məhz bu amala xidmət edir. İsfəndiyar Alverdiyev onu da diqqətə çatdırdı ki, Universitetin tələbələri təhsil və ictimai həyatda yüksək göstəricilərə malikdirlər. GDU-nun tələbələri dövlətimizin və dövlətçiliyimizin maraqlarına xidmət etmək baxımından sosial şəbəkələrdə aktivdirlər və hər zaman ilk pillələrdə qərarlaşırlar.
Digər çıxış edənlər də Azərbaycanda həyata keçirilən gənclər siyasətindən, gənc nəslin inkişafından, bilik və bacarıqlarının artırılmasından danışdılar.
GDU Tələbə Elmi Cəmiyyətinin sədri Lalə Ələkbərova çıxış edərək Universitetdə gənclərə yaradılan şəraitə görə rektor Yusif Yusibova gənclər adından minnətdarlığını bildirib. Həmçinin gələcəkdə gənclərin həyata keçirəcəyi uğurlu layihələrindən danışıb, gəncləri maraqlandıran bir sıra təkliflər verib.
Tədris məsələləri üzrə prorektor İsfəndiyar Alverdiyev verilən təklifləri yüksək qiymətləndirib. Bu təkliflərin həyata keçiriləcəyi üçün mühüm addımların atılacağını qeyd edib.
Sonda gəncləri maraqlanıdran suallar cavablandırılıb.