Modern.az Gənclər Mərkəzi ictimai birliyinin sədri Kənan Qubadzadənin müsahibəsini təqdim edir:
– Kənan bəy, sizcə, Gənclər Günü yalnız simvolik tarixdir, yoxsa gənclərin cəmiyyətdə rolunun real şəkildə qiymətləndirilməsi üçün bir fürsət? Bu günün mahiyyəti nədən ibarət olmalıdır?
– Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti çərçivəsində 1 fevral 1997-ci il tarixində imzalanmış sərəncama əsasən fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilmişdir. Həmin tarixdən etibarən Azərbaycan MDB məkanında və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü rəsmi və təntənəli şəkildə qeyd edən ilk ölkə olmuşdur.
Qeyd etmək lazımdır ki, ölkəmizdə gənclər hərəkatının əsası hələ 1996-cı ildə ilk Gənclər Forumunun keçirilməsi ilə qoyulmuşdur. Bu il həmin forumun keçirilməsindən 30 il ötür. Bu fakt özü-özlüyündə Azərbaycanda gənclər siyasətinin sistemli və ardıcıl şəkildə formalaşdırıldığını göstərir.
– Bu gün Azərbaycanda gənclər siyasətinin real nəticələri nələrdir və dövlətin gənclərə verdiyi dəstəyi hansı nümunələrdə görmək olar?
– Bu gün əminliklə demək olar ki, Azərbaycanda gənclər siyasəti uğurla inkişaf edir və Gənclər Günü ölkəmizdə yalnız simvolik bir tarix kimi qeyd olunmur. Hər il bu gün ərəfəsində möhtərəm cənab Prezident tərəfindən müxtəlif sahələrdə fərqlənən gənclərə Prezident mükafatlarının təqdim olunması dövlətin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan gəncliyi bu gün yüksələn xətt üzrə inkişaf edir. Bunun əsas göstəricisi gənclərin dövlət qurumlarında, ictimai-siyasi proseslərdə və ölkənin gələcəyini müəyyən edən mühüm sahələrdə fəal iştirakıdır. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti, eləcə də ölkənin Birinci vitse-prezidentinin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı bu siyasətin davamlı və strateji xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.
Əminliklə demək olar ki, Azərbaycanda gənclər siyasəti yalnız simvolik günlərlə məhdudlaşmır və bu siyasətin nəticələri uzunmüddətli perspektivdə də öz bəhrəsini verəcək. Bu gün artıq aydın görünür ki, Gənclər Günü ölkəmizdə formal bir tarix deyil, real məzmun və dərin mahiyyət daşıyan dövlət siyasətinin təzahürüdür.
– Hazırkı dövrdə Azərbaycan gəncləri hansı əsas çağırışlarla üz-üzədir və Gənclər Günü bu problemlərin gündəmə gətirilməsi baxımından hansı rolu oynamalıdır?
– Məlumdur ki, Azərbaycan MDB məkanında gənclər siyasətinin inkişafına ən fəal töhfə verən ölkələrdən biridir. Hər il Gənclər Günü ərəfəsində ölkəmizdə çoxsaylı forumlar, müşavirələr və müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər çərçivəsində keçirilən panel müzakirələrində gənclərin məşğulluğu, vətənpərvərlik tərbiyəsi, xaricdə təhsil proqramlarına marağın artırılması kimi mühüm mövzular geniş şəkildə müzakirə edilir.
– Azərbaycan gəncliyinin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında bu tədbirlərin və platformaların rolu nə dərəcədə əhəmiyyətlidir?
– Bu gün Azərbaycan gəncliyinin dövlət başçısının çağırışlarına hər zaman operativ, həssas və məsuliyyətli yanaşdığını görürük. Bunun ən bariz nümunəsi Vətən müharibəsi dövründə özünü açıq şəkildə göstərmişdir. Məhz cənab Prezidentin qətiyyətli liderliyi və Azərbaycan gənclərinin onun çağırışlarına yüksək səviyyədə cavab verməsi nəticəsində xalqımız tarixi Zəfərə nail olmuşdur.
Gənclər Günü ərəfəsində keçirilən forumlar və tədbirlər gənclərin dövlətçilik ruhunda formalaşmasına, ictimai proseslərdə fəal iştirakına mühüm töhfə verir. Bu platformalar gənclərin qarşılaşdıqları çağırışları müzakirə etməyə, problemləri gündəmə gətirməyə və həll yolları axtarmağa imkan yaradır. İnanırıq ki, gələcək nəsillər də bu proseslərdə fəal iştirak edərək ölkənin qarşısında duran çağırışlara vaxtında və adekvat şəkildə reaksiya verəcək, Azərbaycanın inkişafına öz layiqli töhfələrini verəcəklər.
– QHT-lər Gənclər Gününün ruhuna uyğun olaraq gənclərin sosial, ictimai və qərarvermə proseslərində daha fəal iştirakını təmin etmək üçün hansı addımları atmalıdır?
– Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti kifayət qədər genişdir və ölkədə çoxsaylı gənclər təşkilatları mövcuddur. Bu təşkilatlar dinamik şəkildə, dövrün tələblərinə uyğun olaraq fəaliyyətlərini davam etdirirlər. Biz bunu Gənclər Günü ərəfəsində Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Gənclər Təşkilatları Milli Şurasının, eləcə də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin həyata keçirdiyi tədbirlərdə aydın şəkildə görürük.
Məlumdur ki, qeyri-hökumət təşkilatları yerli donor qurumlarının layihələri çərçivəsində, eləcə də layihələrin olmadığı dövrlərdə belə, xüsusilə gənclər təşkilatları Gənclər Günü ərəfəsində genişmiqyaslı təşəbbüslərlə çıxış edirlər. Hazırda Gənclər və İdman Nazirliyinin Gənclər Həftəsi çərçivəsində ölkənin bir çox regionlarında keçirilən tədbirlər bu prosesin artıq bir ənənəyə çevrildiyini göstərir.
Gənclər Həftəsi çərçivəsində hər il gənclər paytaxtının seçilməsi və əsas tədbirlərin həmin regionda keçirilməsi bölgə gənclərinin daha fəal və təşəbbüskar qüvvəyə çevrilməsinə şərait yaradır. Eyni zamanda, İdman Paytaxtı və Gənclər Paytaxtı statuslarının müəyyən edilməsi regionlarda gənclərlə işin sistemli şəkildə aparılmasına mühüm töhfə verir.
Bu il gənclər paytaxtı Goranboy rayonu seçilmişdir. Düşünürəm ki, il ərzində Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tədbirlər proqramlarına uyğun olaraq Goranboy rayonunda çoxsaylı və müxtəlif məzmunlu tədbirlər keçiriləcək. Bu tədbirlərdən isə birbaşa Azərbaycan gəncliyi faydalanacaq.
Sonda qeyd etmək istərdim ki, Gənclər Günümüz mübarək olsun. Hesab edirəm ki, hər bir sağlam düşüncəli vətəndaş və gənc dövlət başçısının ətrafında birləşərək ölkəsinə və həyata keçirilən gənclər siyasətinə öz töhfəsini verməlidir.