Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin müayinə və müalicəsi həyata keçiriləcək. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə olunan "Onkoloji yardım haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və "Lisenziyalar və icazələr haqqında" Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.
Lakin özəl sektorun bu sahəyə inteqrasiyası prosesin hansı mexanizm əsasında tənzimlənəcəyini, icbari tibbi sığortanın bu xidmətləri əhatə edib-etməməsini, özəl klinikalar üçün hansı tələblər müəyyənləşdiriləcəyi, habelə, bütün bunların fonunda dövlət onkoloji mərkəzlərinin fəaliyyətinə necə təsir göstərəcəyi ilə bağlı bir sıra sualları da gündəmə gətirir.

Modern.az-a açıqlamasında qanun layihəsinə dəyişikliklə bağlı məsələyə aydınlıq gətirən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli qeyd edib ki, onkoloji yardımın özəl tibb müəssisələrində həyata keçirilməsi müvafiq olaraq Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən standartlara uyğunluğun təsdiqlənməsindən sonra lisenziyalaşdırma yolu ilə mümkündür. Onun fikrincə, sözügedən məqsədlə tibb müəssisəsi ümumi tibbi fəaliyyət üçün lisenziyaya malik olmaqla yanaşı, həmin lisenziyada onkoloji xidmətin göstərilməsinə ayrıca icazə verilməlidir.
"Ümumilikdə tibbi fəaliyyət lisenziyalaşdırılan sahədir və bu fəaliyyət çərçivəsində onkoloji xidmətlərin göstərilməsi üçün əlavə, xüsusi meyarlara cavab verilməsi tələb olunur. Yalnız həmin meyarlara uyğunluğu təsdiqlənən tibb müəssisələri onkoloji yardım göstərə bilər. Bu məsələlər qanunvericilikdə öz əksini tapıb.
Hazırda onkoloji xəstələrə yardım əsasən dövlət proqramları çərçivəsində dövlət tibb müəssisələrində həyata keçirilir. Dövlət proqramları üzrə müalicə sistemlərinin icrası yalnız dövlət tibb müəssisələri üçün nəzərdə tutulub. Onkoloji xidmətlər icbari tibbi sığorta zərfinə daxil deyil, yalnız bəzi müayinə və diaqnostik xidmətlərin məhdud hissəsi icbari tibbi sığorta çərçivəsində qarşılanır".
Deputat xatırladıb ki, qanunvericiliyə əsasən, dövlət proqramlarının icra olunduğu mövcud şəraitdə özəl tibb müəssisələrində onkoloji xidmətlərin göstərilməsi ödənişli əsaslarla həyata keçirilir:
"Beləliklə, dövlət müəssisələrində müalicə dövlət hesabına aparıldığı halda, özəl tibb müəssisələrində onkoloji yardım yalnız ödənişli qaydada, müvafiq lisenziyaya malik müəssisələr tərəfindən göstərilir. Bununla yanaşı, təcili tibbi yardım ödənişsiz olaraq təmin edilir və bu xidmət əsasən dövlət tibb müəssisələri tərəfindən həyata keçirilir.
Özəl klinikaların onkoloji xidmət göstərməsi üçün cavab verməli olduğu meyarlar qanunvericilikdə qismən müəyyən edilib. Belə ki, bu xidmətləri göstərmək üçün tibb müəssisəsi müvafiq texniki və tibbi tələblərə cavab verməli, yəni zəruri avadanlıqla təmin olunmalı, diaqnostik tədbirlərin aparılması üçün uyğun şəraitə malik olmalıdır. Eyni zamanda, kifayət qədər ixtisaslı kadr potensialı, elmi baza və orta tibb işçiləri heyəti mövcud olmalıdır.
Konkret və detallı meyarlar isə qanunun qəbulundan və ölkə rəhbəri tərəfindən təsdiqlənməsindən sonra Səhiyyə Nazirliyi tərəfindən hazırlanacaq müvafiq təlimat və qaydalarda ətraflı şəkildə müəyyən ediləcək. Qanunvericilikdə ümumi müddəalar əksini tapsa da, detallı tələblər məhz həmin normativ sənədlərdə göstəriləcək".
M.Məmmədli eyni zamanda əlavə edib ki, hazırda onkoloji xidmətlərin göstərilməsində çeşidliliyin artırılması istiqamətində addımlar atılır:
"Bu qanunvericilik dəyişikliyinin əsas strateji məqsədi gələcəkdə bütün tibbi xidmətlərin icbari tibbi sığorta sistemi ilə əhatə olunmasıdır. Lakin mövcud mərhələdə dövlət tibb müəssisələri məhdud sayda və spesifik xidmətlər göstərir, eyni zamanda çox saylı xəstə yükü mövcuddur.
Bu baxımdan, müalicəsini ödənişli əsaslarla aparmaq istəyən şəxslər özəl sektora müraciət edə bilərlər. Bu yanaşma dövlət xəstəxanalarına düşən müraciət və xəstə yükünün azalmasına da töhfə verəcək. Bununla belə, bütün müalicə prosesləri, prosedurlar və müalicə protokolları Səhiyyə Nazirliyinin və Milli Onkologiya Mərkəzinin tibbi və elmi istiqamətləri çərçivəsində həyata keçiriləcək", - deyə deputat bildirib.