Modern.az

Qanunvericiliyi pozan özəl klinikalar - ADLAR

Qanunvericiliyi pozan özəl klinikalar - ADLAR

Aktual

5 Fevral 2026, 11:06

Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin müayinə və müalicəsinin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, sözügedən məsələ Milli Məclisin son plenar iclasında müzakirə olunan “Onkoloji yardım haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Ancaq vacib məqam ondan ibarətdir ki, özəl xəstəxanalara onkoloji xidmət göstərilməsi ilə bağlı hələlik rəsmi icazə verilməyib. Qanun layihəsi müzakirə mərhələsindədir və qəbul ediləcəyi halda belə, özəl klinikalar yalnız müvafiq maddi-texniki bazaya, müasir tibbi avadanlıqlara, ixtisaslı onkoloq kadrlarına malik olduqları halda və ayrı-ayrı lisenziya əlavələri əsasında bu sahədə fəaliyyət göstərə biləcəklər.

Yəni nəticə olaraq bu gün üçün özəl xəstəxanaların onkoloji yardım göstərməsi qanuni əsaslara tam söykənmir, amma qanun dəyişiklikləri qəbul edilərsə, bu imkan hüquqi çərçivədə yaradılacaq.

Modern.az mövzunun aktuallığını nəzərə alaraq bir sıra özəl tibb müəssisələrində onkoloji şöbə və xidmətlərin mövcudluğunu araşdırıb. Sorğumuz zamanı məlum olub ki, bəzi tibb müəssisələri qanun layihəsi təsdiqini tapmasa da, ödənişli əsaslarla onkoloji yardım göstərir və müvafiq sahədə onkoloq ştatına malikdir.

"Liv Bona Dea" Hospitaldan bildirilib ki, tibb müəssisəsində onkoloji xidmətlər mövcuddur. Hazırda xəstəxanada onkoloq, onkoginekoloq və uşaq onkoloqu fəaliyyət göstərir.

"Baku Medical Plaza"dan verilən məlumata görə, hazırda onkoloji şöbənin açılması istiqamətində işlər aparılır və yaxın gələcəkdə bu xidmətin fəaliyyətə başlaması planlaşdırılır.

Modern Hospitaldan isə bildirilib ki, müəssisədə onkoloji müayinələr aparılmır və onkoloq ştatı mövcud deyil.

Araşdırmalara əsasən, MedEra Hospitalda da onkoloji xidmətlər göstərilir və burada iki onkoloq ştatı mövcuddur. Onlardan biri onkoloq, digəri isə cərrah-onkoloqdur.

Bundan əlavə, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində də bir cərrah-onkoloq ştatı fəaliyyət göstərir.

Avrasiya Hospital WEST Hospitalda isə onkoloji bölmə və xidmətlər mövcud deyil.

Araşdırmalarımıza müvafiq olaraq, sözügedən özəl tibb müəssisələrində onkoloji xidmətlərin fəaliyyət göstərməsinin qanunvericiliyin tələblərini hüquqi baxımdan pozub-pozmadığını müəyyənləşdirmək üçün Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Müşfiq Məmmədli və Məlahət İbrahimqızının münasibətini öyrəndik.

Müşfiq Məmmədli saytımıza açıqlamasında qeyd edib ki, özəl tibb müəssisələrinin onkoloji xəstəliklərin müayinə və müalicəsi ilə bağlı fəaliyyəti “Onkoloji yardım haqqında” Qanunda açıq şəkildə nəzərdə tutulmadığı müddətdə hüquqi baxımdan tam əsaslı hesab edilə bilməz.

“Qanuna dəyişiklik edilməsi faktının özü göstərir ki, indiyədək bu sahədə özəl sektorun iştirak mexanizmi aydın və ayrıca hüquqi çərçivə ilə tənzimlənməyib. Bu baxımdan bəzi özəl klinikalarda onkoloji xidmətlərin artıq göstərilməsi hüquqi cəhətdən ən azı mübahisəli xarakter daşıyır və qanun dəyişikliyi həmin fəaliyyətin gələcək üçün şəffaf və nəzarət olunan hüquqi əsaslarla həyata keçirilməsinə xidmət edir”.

Deputat həmçinin vurğulayıb ki, ümumiyyətlə, söhbət təkcə onkoloji xidmətdən, onkoloji yardımdan və ya onkoloqlardan getmir. Onun sözlərinə görə, məsələ bütövlükdə tibb müəssisələrinin fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlıdır:

“Belə ki, tibb müəssisəsi lisenziya aldıqda, həmin lisenziyaya əlavə olaraq müəssisənin hansı tibbi xidmətləri göstərə biləcəyini müəyyən edən xüsusi əlavə sənəd təqdim olunur. Bu əlavədə müəssisənin fəaliyyət göstərə biləcəyi tibbin sahələri, mövcud statusları, eləcə də hansı ixtisaslı tibbi yardımı göstərmək hüququna malik olduğu dəqiq şəkildə əks olunmalıdır. Qeyd olunan siyahıya daxil olmayan xidmətlərin göstərilməsi isə qanunvericiliyin pozulması hesab olunur”, - deyə M.Məmmədli əlavə edib.

Milli Məclisin üzvü Məlahət İbrahimqızı isə hesab edir ki, qanun layihəsində əsas məqsəd onkoloji xəstələrin müalicəsinin yalnız dövlət xəstəxanaları ilə məhdudlaşmaması, eyni zamanda özəl klinikalarda da bu xidmətin göstərilməsinə imkan yaradılmasıdır.

“Bildiyimiz kimi bugün dünyada, hətta ən inkişaf etmiş dövlərdə onkoloji xəstələrin yüksək artımı var. Bu mənada da Azərbaycanda da onkoloji xidmət göstərən dövlət xəstəxanalarında ciddi sıxlıq, uzun növbələr və pasiyent sayı çoxluğu müşahidə olunur. Bu isə həm əlçatanlıq, həm də xəstələrin seçim imkanları baxımından müəyyən problemlər yaradır.

Onkoloji xidmətin özəl tibb müəssisələrində də göstərilməsinə hüquqi baza yaradılması bir tərəfdən xəstələrin müalicəyə daha rahat çıxışını təmin edir, onlar üçün seçim yaradır, digər tərəfdən isə tibb müəssisələri arasında rəqabətli mühit formalaşdırır. Bu yanaşma özəl klinikalara onkoloji xidmətləri inkişaf etdirmək, müasir tibbi avadanlıq və ləvazimatlarla təchizatını gücləndirmək, eyni zamanda yüksək ixtisaslı və təcrübəli onkoloqların cəlb olunması üçün imkan yaradır”.

Deputat əlavə edib ki, sözsüz ki, qanunvericilik çərçivəsində özəl klinikalarda onkoloji xidmətlərin yalnız müəyyən standartlara cavab verən şöbə və ya bölmələrdə təşkil olunması nəzərdə tutulur:

“Yəni hər bir özəl xəstəxana bu sahədə fəaliyyət göstərə bilməz. Bunun üçün müvafiq maddi-texniki baza, müasir avadanlıq və peşəkar kadr potensialı təmin edilməlidir.

Beləliklə, yaradılan hüquqi baza gələcəkdə özəl tibb müəssisələrində yüksək standartlara cavab verən onkoloji şöbələrin formalaşdırılmasına şərait yaradır. Bu şərtlərə cavab verildiyi halda onkoloji xəstələr həmin klinikalara müraciət edə biləcəklər”, - deyə M.İbrahimqızı qeyd edib.

Məlumat üçün bildirək ki, qanun layihəsinə əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində, eləcə də “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!