Modern.az

Lombardlar əhalini incidir - yeni qanuna ehtiyac var!

Lombardlar əhalini incidir - yeni qanuna ehtiyac var!

Aktual

5 Fevral 2026, 17:37

Vətəndaşlar bankdan götürülən kredit pulun bankdan götürülməsi ilə müqayisədə lombarddan pul borc almağı daha sadə əməliyyat hesab edirdilər. Amma bu kredit təşkilatı qanunvericiliyə əsaslanmayan, vətəndaşların əmlakının əsassız yerə mənimsənilməsi ilə nəticələnən hərəkətlərə və ya hərəkətsizliyə yol verir.

Vətəndaşlar yüksək faizlər, girov əşyalarının vaxtından əvvəl satılması, girov predmetinin real qiymətindən dəfələrlə az hesab edilməsi, şəffaf olmayan müqavilə şərtləri və hüquqlarının pozulması ilə bağlı şikayətlər edirlər. Parlament müzakirələrində də lombard rəhbərlərinin vətəndaşları “incitdiyi”, sahədə ciddi nəzarət boşluqlarının olduğu açıq şəkildə səsləndirilib.

Ekspertlər isə lombardların bir qisminin faktiki olaraq nəzarətsiz fəaliyyət göstərdiyini, bunun da vətəndaşların maddi zərərə uğramasına yol açdığını bildirirlər.


Problemlə bağlı Milli Məclisin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, lombardlar haqqında yeni qanunun hazırlanması və qəbuluna ehtiyac var:

“Lombard fəaliyyətinin daha yaxından tənzimlənməsi üçün bu qanuna ehtiyac var. Bu təşkilatla borclanan tərəf arasında bir çox hallarda anlaşılmazlıq hətta ciddi problemlər yaranır.  Bəzi lombardların öz öhdəliklərinə əməl etməməsini, bəzən girovlarla bağlı problemlər yaratmasını da müşahidə edirdik". 

Deputat qeyd edib ki, girova münasibətdə verilən borcun məbləğinin tənzimlənməsinə, lombardla münasibətdə borclanan vətəndaşların hüquqlarının qorunmasına, faiz dərəcələrinin tənzimlənməsinə (İnzibati deyil digər metodlardan istifadə məqsədə uyğun olardı.) zərurət var:

"Hal-hazırda lombardların kredit faizləri kifayət qədər yüksəkdir bu da əhalinin daha çox borclanmasına səbəb olur. Bir çox halda borcların qaytarması qeyri-mümkün həddə qədər çatır. Vətəndaş qoyduğu girovu geri götürə bilmir. Bütün bu sadalanan hallar qanunvericiliklə tənzimlənərək aradan qaldırılacaq".


Hüquqşünas Ramil Süleymanov Modern.az-a bildirib ki, hazırda lombardlarla bağlı tənzimlənmələr aşırı dərəcədə yumşaqdır:

“Bu kredit forması ilə məşğul olan fiziki və ya hüquqi şəxslər bir çox halda vətəndaşlarla münasibətdə qanunvericiliyin tələblərindən kənara çıxırlar. Bu şəxslərin əməlləri, eləcə də faizlərin tənzimlənməsi məsələsində ciddi şəkildə boşluqlar vardır”.

Hüquqşünasın fikrinə görə qanunu hazırlayarkən Milli Məclis öncə ictimai müzakirəsini həyata keçirməlidir. Bundan sonra müfəssəl qanun layihəsinin və ya qanunvericilik aktının formalaşdırılması mümkündür:

“İndiki halda lombardların fəaliyyəti birbaşa Mərkəzi Bankın nəzarəti altında həyata keçirilməlidir. Faiz, girov, ipoteka münasibətlərinin olması lombard fəaliyyəti ilə bağlı ayrıca qanunun yaradılması zərurətini ortaya qoyur. Hal-hazırda lombard təşkilatları gəlir vergisi ödəməklə fəaliyyətlərini davam etdirirlər",- deyə hüquqşünas əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!