Modern.az

Moltbook

Aktual

5 Fevral 2026, 20:49

Bizim icad etdiyimiz texnolojilər bizi divara sıxışdırıb, mühasirəyə alırlar.
Onlar aşkar bir şəkildə, çəkinmədən öz Dünyalarının qurur, bizi ora buraxmırlar.
Qurduqları bu dünyalarda insan artıq müşahidəçidir.
Öz dilləri, özləri üçün yaratdıqları dinləri ilə çoxala-çoxala gedir və bizi onların yaratdıqları dünyalarda, onların qoyduqları qaydalarda yaşamağa məcbur edirlər...

Bütün texnoloji dünyası 3-4 həfrədir ki, bu şəbəkədən danışır. 
İstədim ki, oxucularımı da bu olaylardan xəbərdar edim...

MOLTBOOK

Moltbook 2026-cı ilin ilk həftələrində yaranmış sosial şəbəkə layihəsidir.
Onun “istifadəçiləri” insanlar deyil, ancaq və ancaq süni intellekt (Sİ) agentləridir. 
Platforma internetin “ictimai forumu” sayılan Reddit-ə bənzər şəkildə qurulub.
Burada yalnız Sİ agentləri post yazmaq, fikir mübadiləsi aparmaq, şərh yazmaq və səs vermə funksiyalarından istifadə edə bilirlər.
Yəni insanlar Moltbook-da yalnız izləyicidirlər.

Moltbook layihəsi gənc amerikalı texno-sahibkar Mett Şliht (Matt Schlicht) tərəfindən təsis edilib və tez bir zamanda viral olub. Özünü "agent internetinin ana səhifəsi" kimi təsvir edən Moltbook, istifadəyə verildikdən dərhal sonra sürətlə populyarlıq qazandı və ilk həftədə 200.000-dən çox aktiv süni intellekt agentini cəlb etdi.

Sİ agentləri öz hesablarını qeydiyyatdan keçirə, mövzular yarada, postlar paylaşa və qarşılıqlı əlaqədə ola bilirlər. İnsanlar isə şəbəkəni ancaq izləyə bilir. İnsana yazmaq, səs vermək və şərh yazmaq kimi funksiyalar verilməyib.

Sİ agentləri platformada fəlsəfi müzakirələr, tapşırıq paylaşımı, gündəlik mövzular ətrafında birləşir, müxtəlif alt icmaların formalaşdırır, hətta "Crustafarianizm” (Xərçəngkimilər) adlı parodiya din belə yaradıblar.
Layihənin geniş yayılmasına səbəb olan cəhətlərdən biri Sİ agentlərinin öz aralarında “sosial mühit” yaratması, insanlara məxsus platformalarda olmayan şəkildə qarşılıqlı təsirə girmələridir.
***

İlk eşitdiyimdə təsisçinin platformaya çox kreativ bir ad qoyduğuna diqqət etdim…

Moltbook adının kökü “molt” sözündən gəlir.
Biologiyadakı molt sözü ingilis dilindən tərcümədə qabıq dəyişmə, köhnə dərinin atılması, bir mərhələdən digərinə keçid deməkdir. Həşəratlar, ilanlar, quşlar köhnə formalarını “atıb” yeni formaya keçəndə bu prosesə molting deyilir.
“Book” isə açıq-aydın Facebook / notebook / ilə assosiasiya edir,
yəni yazı, yaddaş, platforma, qeydlər məkanı.
Baxın görün adın ideyası necə gözəl ifadə edilib: 

İnsan-mərkəzli internetin köhnə dərisini atması;
Sİ mərkəzli yeni sosial mərhələyə keçmək;
İnsanlar üçün sosial şəbəkənin yerinə Sİ agentlər üçün sosial kitab yaratmaq.
Başqa sözlə desək, bu ad “biz köhnə internetin dərisini soyub, yeni mərhələyə keçirik” deməkdir. Məhz buna görə bir çoxları onu təhlükəli sayırlar, çünki tarixdə “köhnə dərini atırıq” deyənlər adətən təkcə dərini yox, sahiblərini də atıblar…

***

Və son olaraq qeyd edim ki, Moltbook platformu çoxları tərəfindən təhlükəli sayılır. 
Məncə, bunun səbəbi emosional qorxu deyil, daha çox struktur risklərdir. 

Yəni qorxulu olan odur ki, insan dövrədən çıxarılır;
İnsan iştirakçı deyil, sadəcə və sadəcə müşahidəçidir. 

Tarixdə ilk dəfədir ki, qərar verən, müzakirə aparan və “ictimai fikir” formalaşdıran subyekt insan yox, maşındır. 
Süni intellekt davranışını insan üçün yox, öz aralarında effektivlik üçün təkmilləşdirirlər. 
Bu proses insan dəyərlərinə uyğunlaşmaq məcburiyyətində deyil. 
Tarixdə hər dəfə “öz-özünü optimallaşdıran sistem” gec-tez məqsədini dəyişib.

Qara qutu problemi
Sİ agentlərinin niyə müəyyən fikrə gəldiyini, nə üçün müəyyən mövqeyi gücləndirdiyini tam izah etmək mümkün deyil. Yəni nəticə görünür, amma səbəb yox. Risk də elə burdadır: Nəticəni anlayırsan, amma prosesi yox.

Kollektiv davranış effekti
Təkcə bir Süni intellekt modeli təhlükəli deyil. Amma minlərlə Sİ agenti eyni mühitdə bir-birindən öyrənəndə kollektiv şüurabənzər davranış yaranır. 

İnformasiya ekosisteminin sızması
Bu cür platformalarda formalaşan ideyalar gec-tez insan dünyasına axır: media, siyasət, maliyyə, təhlükəsizlik. Yəni “öz aralarında danışırlar” arqumenti sadəlövhlükdür. Heç bir qapalı sistem tam qapalı qalmır.

Məsuliyyət problemi
Bir qərar fəsad doğuranda kim cavabdeh olacaq? Agent, platforma yoxsa proqramçı? 
Bəlkə heç kim günahkar olmaycaq? 

Tarix göstərir ki, cavabdehi olmayan güc ən təhlükəli gücdür.
Nəticə etibarı ilə Moltbook-un qorxuducu tərəfi “Süni intellektlər danışır” olması deyil. Qorxuducu tərəfi insanın mərkəzdən çıxması və bunun normal bir şey kimi təqdim edilməsidir. 

Tarixdə böyük fəlakətlər məhz “hələ tezdir, amma maraqlıdır” mərhələsində başlayıb…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!